BVF-nin eks rəhbəri tutulub
Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş rəhbəri Rodriqo Rato həbs edilib.
ANS PRESS-in məlumatına görə, İspaniyada tanınmış siyasətçi, BVF-nin keçmiş rəhbəri fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamları ilə saxlanıb. Vergi polisi onun Madriddəki evində axtarış aparıb. O bir neçə saatdan sonra heç bir rəsmi iitham təqdim olunmadan azadlığa buraxılıb.
Həmçinin 2012-ci ildən İspaniyanın Kredit Bankının rəhbəri kimi təhqiqat altına alınan və BVF-dəki fəaliyyətinə görə şübhəli sayılan R.Rato bütün ittihamları və iddiaları rədd edib.
Xatırladaq ki, 66 yaşlı R.Rato BVF-yə 2004-2007-ci illərdə rəhbərlik edib. O, bundan əvvəl İspaniya Xalq Partiyasının tanınmış üzvlərindən olub. Keçmiş Baş nazir Jose Maria Aznarın mühafizəkar hökumətində maliyyə naziri kimi çalışıb.
Mənbə
ANS PRESS