Beynəlxalq Mərkəzin nümayəndəsi Genetik Ehtiyatlar İnstitutunda olub
Bakı, 14 aprel,
AZƏRTACAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (ICARDA) seleksiyaçı alimi, professor Ram Şarma ilə görüşüb.
İnstitutdan
AZƏRTAC-a bildiriblər ki, seleksiyaçı alimin elmi rəhbərliyi ilə institutda dörd doktorant və dissertant buğda bitkisinin genetik müxtəlifliyi, keyfiyyət və kəmiyyət əlamətlərinin qiymətləndirilməsi, pas xəstəliyinə, duza və yüksək hərarət stresinə qarşı davamlılıq mövzuları üzrə tədqiqat işi aparır.
Görüşdə GEİ ilə ICARDA arasında aparılan birgə tədqiqatlar müzakirə olunub, doktoranturada təhsil alan gənclərin elmi tədqiqat işlərinin nəticələri təhlil edilib. R.Şarma gənc tədqiqatçıların işlərindən razı qaldığını bildirib, alınan nəticələr əsasında beynəlxalq konfrans və jurnallar üçün elmi əsərlərin hazırlanacağını vurğulayıb.
Sonra professor R.Şarma institutun yeni nəsil sekvenserləri ilə təchiz edilmiş biotexnologiya şöbəsində və təcrübə sahəsində molekulyar genetika və seleksiya üzrə aparılan işlərlə tanış olub.