Balakən və Zaqatala rayonlarında əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti göstərilib
Zaqatala, 8 aprel,
AZƏRTACƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti davam etdirilir.
ƏƏSMN-in Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərdən ibarət səyyar tibbi-texniki briqadası aprelin 8-də Balakən və Zaqatala rayonlarında əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərib.
Bərpa Mərkəzinin direktor müavini Ədalət Quliyev
AZƏRTAC-a bildirib ki, gün ərzində davam edən tədbir çərçivəsində Balakən rayonu üzrə 35, Zaqatala rayonu üzrə 31 nəfər olmaqla, ümumilikdə 66 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar xidmət göstərilib. Müraciət edənlər yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunublar.
Mərkəzin səyyar tibbi-texniki briqadası aprelin 9-da Qax və Şəki, aprelin 10-da isə Oğuz və Qəbələ rayonlarında səyyar xidməti davam etdirəcək.