Bakıda qeyri-ənənəvi əmtəə nişanlarının mühafizəsinə aid regional seminar keçirilib
Bakı, 10 aprel,
AZƏRTACÜmumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə təşkilatçılığı ilə Bakıda “Qeyri-ənənəvi əmtəə nişanlarının mühafizəsi. Cari vəziyyət və problemlər” mövzusunda regional seminar keçirilib.
Komitədən
AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən aparat rəhbəri Elçin Quliyev ölkəmizdə son illərdə xüsusi ilə fərqlənən iqtisadi inkişaf templəri, yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun artdığını bildirib. Əmtəə nişanlarının bir əqli mülkiyyət obyekti kimi sağlam rəqabəti və ticarətin inkişafını şərtləndirən asas amil olduğunu qeyd edən E. Quliyev müasir dövrdə artıq əmtəə nişanlarının növlərində də yeniliklərin ortaya çıxdığını qeyd edib. Bu öz növbəsində yeni növ əmtəə nişanları üzərində hüquqların qorunması mexanizmlərinin yaradılmasını, bu sahədə çalışan mütəxəssislərin hazırlığının təmin olunmasını şərtləndirir.
Əqli Mülkiyyət Təşkilatının bölmə müdiri Saule Tlevlessova bildirib ki, Azərbaycan 1995-ci ildən təşkilata üzvdür və əqli mülkiyyət hüquqlarının təminatına xidmət edən bir çox saziş və müqavilələrə qoşulub. Bu müddət ərzində ÜƏMT ilə əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr həyata keçirilib. Azərbaycan bu layihələrin hər zaman uğurlu icraçısı kimi yadda qalıb. ÜƏMT-nin bölmə müdiri qurulmuş əməkdaşlıq əlaqələrinin bundan sonra da davam edəcəyinə, yeni layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Seminarda qeyri-ənənəvi əmtəə nişanları, bu sahədə iddia sənədlərinə dair ayrıca prinsiplərin yaradılması, qeyri-ənənəvi əmtəə nişanlarının ekspertizası, onların mühafizəsi üzrə ən son problemlər, bu sahədə Avropa və ABŞ təcrübəsi, qeyri-ənənəvi əmtəə nişanlarının təmsil olunması üçün yeni qaydaların yaradılması, həmçinin qeyri-ənənəvi əmtəə nişanları üzrə iddia sənədlərinə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanda münasibət və digər məsələlər müzakirə olunub.