Bakıda keçirilmiş Azərbaycan-İtaliya işgüzar görüşü yerli mətbuatın diqqət mərkəzində
Roma, 15 aprel,
AZƏRTACİtaliya KİV-ləri bu ölkənin iqtisadi inkişaf naziri xanım Federika Quidinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini geniş işıqlandırıb. Önəmli xəbər saytları səfər çərçivəsində keçirilmiş görüşlər, müzakirə olunan məsələlərlə bağlı geniş məlumatlar yayıblar.
Yazılarda əsasən Bakıda keçirilmiş Azərbaycan-İtaliya işgüzar görüşü çərçivəsində “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu ilə “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında Sumqayıt Polipropilen zavodu layihəsi üzrə əməkdaşlıq müqaviləsinin imzalanmasından bəhs olunur.
Məqalələrdə müqaviləni İtaliya tərəfdən imzalayan “Maire Tecnimont” şirkətinin icraçı direktoru Pierroberto Folcieronun fikirləri də yer alıb. O, SOCAR kimi nüfuzlu bir şirkətlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və vurğulayıb ki, bu layihəyə xeyli sayda İtaliya şirkəti cəlb olunacaq: “Əminik ki, bu cür tədbirlər hər iki ölkəyə fayda verəcək”.
Yazılarda son illər Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişaf prosesi də təhlil olunur. Bildirilir ki, önəmli strateji mövqeyə və zəngin enerji ehtiyatlarına malik Azərbaycan hazırda Qafqaz regionunda iqtisadi maraqları özünə cəlb edən ən mühüm ölkədir. Sabitlik, sosial-demoqrafik vəziyyətin müsbət tendensiyası və digər bu kimi məqamlar Azərbaycanı qlobal iqtisadi bazarın əsas oyunçularından birinə çevirib. İtaliya uzun illərdir ki, Azərbaycanın önəmli ticarət tərəfdaşıdır. TAP layihəsi bu əlaqələrə, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verəcək. Digər tərəfdən, İtaliya şirkətləri Azərbaycanda qeyri-neft sektorunda fəaliyyətlərini genişləndirməyə maraq göstərirlər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma