Bakıda günəş enerjisinin istehsalı üzrə beynəlxalq konfrans öz işinə başlayıb
Bakı, 16 aprel, Nihat Budaqov,
AZƏRTACAprelin 16-da Bakıda Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) rəsmi dəstəyi və “IBCentre” şirkətinin təşkilatçılığı ilə CISOLAR-2015 “Cənubi Qafqaz regionunda, Şərqi Avropa və Mərkəzi Asiyada Günəş Enerjisi Sənayesinin İnkişafı” adlı 4-cü Beynəlxalq konfrans və ixtisaslaşmış sərgi öz işinə başlayıb.
AZƏRTAC
xəbər verir ki, konfransda çıxış edən ABOEMDA-nın sədri Akim Bədəlov Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadədə qazanılan uğurlardan, respublikamızdakı alternativ və bərpa olunan enerji mənbələri hesabına həyata keçirilən layihələrdən danışıb.
Region üçün əlamətdar olan tədbirdə Şərqi Avropanın, Cənubi Qafqazın və Mərkəzi Asiyanın alternativ və bərpa olunan enerji mənbələri, xüsusilə günəş energetikası sahəsi üzrə aparıcı mütəxəssisləri, şirkət və təşkilat rəhbərləri iştirak edirlər. Sərgidə isə iştirakçı ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən təşkilatlarının, şirkətlərinin günəş enerjisi texnologiyaları üzrə elmi və texnoloji nailiyyətləri nümayiş olunur.