Maraqlı

Bakıda "Çin malı" Hindistan sərgisi - FOTO

Metbuat.az

Paytaxt Bakıda bir neçə gün əvvəl açılan Hindistan sərgisində ucuzluqdur. Burada ucuz və sərfəli qiymətə Hindistan istehsalı olan mallar, geyim və bəzək əşyaları satılır. Həmçinin, burada mebellər də təklif edilir.



Əməkdaşımız Hindistan sərgisində olub və buraya marağın olduğunu müşahidə edib. AMAY Ticarət Mərkəzində açılan sərgidə sıxlıqdır. Həm satılan malların hədsiz çeşidləri, həm də alıcıların çoxluğu sıxlıq yaradır. Piştaxtalar, hətta onların arasındakı keçidlər satılacaq mallarla doludur.



Daha çox əlvan geyimlər göz oxşayır. Burada köynəklər cəmi iki manatdan başlayır. Ən çox iki manatlıq köynəklər satılsa da, satıcılar bir qədər bahalı geyimlərə də maraq olduğunu bildirirlər. Burada 5, 8, hətta 10 manata da köynəklər satılır. Donlar isə üç manatdan başlayan qiymətlərlə təklif edilir. Geyimlər əsasən qumaş və pambıq parçadan hazırlanıb.



Şərflər isə sərginin giriş tərəfində iki manatdan başlayan qiymətlərlə təklif edilir və qiymət 3-8 manatadək artır. Şərflər rəngarəng, müxtəlif ölçüdə və fərqli qiymətlərədir. Xüsusi işləməli şərflər var ki, qiyməti yüz manatdır. Ancaq 1 manata, hətta ikisi, üçü bir manata da şərflər satılmaqdadır.



Satıcılar şərfləri səliqəsiz halda piştaxtanın üstünə töküblər və sərgidə bazar görüntüsü yaranıb. Əksər şərflərin “8-ci kilometr” bazarında satılan Çin istehsalı olan şərflərdən heç bir fərqi yoxdur. Bəzi şərflərin üstündə Hindistan istehsalı olması barədə də heç bir bilgi yoxdur. Bəzəkli ayaqqabılar isə 10-15 manatadır.



Ziynət əşyaları də sərgidə çoxçeşidlidir. Üzüklər 5 manatdan başlayır. Kiçik bilərziklər bir manatadır. Müxtəlif dəst halında bilərziklər isə 6-15 manata təklif edilir. Sərgidə təbii və süni daşlardan boyunbağılar da satılır. Süni boyunbağıların qiyməti 4 manatdan başlayır.



Təbii daşlar isə bahadır, burada 70-80 və daha baha qiymətə təbii daşlardan hazırlanmış boyunbağılar satışdadır. Əksər piştaxtalardakı sırğalar və üzüklərin isə Hindistan istehsalı olması ehtimalı azdır. Çünki bu əşyalar paytaxtın dükan və bazarlarında Çin istehsalı kimi təqdim edilir və satılır.



Sərgidə həmçinin, kosmetik vasitələr də satılır. Müxtəlif ölçüdə şampunlar, kosmetik yağlar, sürmə, ətirlər, hətta kiçik paketlərdə 50 qəpiyə xınalar da satılır. Sərgidə suvenirlər, mebellər, işləməli qablar da müxtəlif qiymətə təklif edilir.



Diqqətçəkən məqamlardan biri də odur ki, satıcılar eyni malı müxtəlif qiymətə təklif edirlər. Azərbaycanlı satıcılar hindistanlı sahibkarlar kənarlaşan kimi malın qiymətini qaldırırlar.



Daha çox uşaqları ilə gələn valideynlər bildirirlər ki, alıcı kimi yox, maraq xatirinə gəliblər. “Əlbəttə, istədiyimiz olduqda alırıq. Ancaq buraya maraq üçün gəlmişik”, - deyə paytaxt sakini Adilə xanım bildirir.



Sərgini maraqlı etmək üçün burada rəqslərə də yer verilib. Həmçinin üç manat müqabilində müştərilərin əlləri xına ilə bəzədilir.



Sərgi səhər saat 11-dən axşam saat 8-dək fəaliyyət göstərir. Sərginin aprelin 12-dək davam edəcəyi bildirilir. Ancaq satıcılar deyirlər ki, havalar yaxşı olsa, müddət uzadılacaq.



O da bildirilir ki, Hind mədəniyyəti beynəlxalq sərgisi Hindistanın ölkəmizdəki səfirliyi və Azərbaycan Sahibkarları Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə açılıb.



Musavat.com