Bakıda “Birləşmiş Krallıqda təhsil” sərgisi keçiriləcək
Bakı, 10 aprel,
AZƏRTAC“British Council Azərbaycan” təşkilatı aprelin 11-12-də “Hilton Baku” otelində növbəti “Birləşmiş Krallıqda təhsil” sərgisini keçirəcək
Təşkilatdan
AZƏRTAC-a bildiriblər ki, sərgidə Birləşmiş Krallıqdan 17 məktəb, kollec və dil kursu iştirak edəcək. Sərgi iştirakçılarına orta məktəb təhsili, qısa və uzunmüddətli ingilis dili kursları, yay məktəbləri haqqında məlumat veriləcək.
Tədbirdə məktəblilər və tələbələr arasında müxtəlif müsabiqələr, eyni zamanda, iştirakçı kollec və məktəblər, həmçinin Birləşmiş Krallıqda təhsil almış məzunlar tərəfindən maraqlı təqdimatlar keçiriləcək.
Təşkilatın Bakıda keçirdiyi sərgilərə ümumilikdə Britaniyanın 70-dək universiteti, kolleci, məktəbi və dil kursu qatılıb. Sərgilərdə Britaniyada təhsil ilə maraqlanan 8.000-dən artıq məktəbli, tələbə, valideyn, təhsil təşkilatlarının və biznes strukturlarının nümayəndələri iştirak ediblər.