Bakıda “Birləşmiş Krallıqda təhsil” sərgisi açılıb
Bakı, 11 aprel,
AZƏRTACAprelin 11-də Bakıda “British Council Azərbaycan” təşkilatı tərəfindən “Birləşmiş Krallıqda təhsil” sərgisi açılıb.
AZƏRTAC
xəbər verir ki, sərginin açılışında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq sərginin əhəmiyyətindən söz açıb. Bildirilib ki, sərgidə Birləşmiş Krallıqdan 17 məktəb, kollec və dil kursu iştirak edir. Sərgi iştirakçılarına orta məktəb təhsili, qısa və uzunmüddətli ingilis dili kursları, yay məktəbləri haqqında məlumat veriləcək.
Tədbirdə məktəblilər və tələbələr arasında müxtəlif müsabiqələr, eyni zamanda, iştirakçı kollec və məktəblər, həmçinin Birləşmiş Krallıqda təhsil almış məzunlar tərəfindən maraqlı təqdimatlar gözlənilir.
“Hilton Baku” otelində təşkil olunan təhsil sərgisi iki gün davam edəcək.
“British Council Azərbaycan” təşkilatının Bakıda keçirdiyi sərgilərə ümumilikdə Britaniyanın 70-dək universiteti, kolleci, məktəbi və dil kursu qatılıb. Sərgilərdə Britaniyada təhsil ilə maraqlanan 8.000-dən artıq məktəbli, tələbə, valideyn, təhsil təşkilatlarının və biznes strukturlarının nümayəndələri iştirak ediblər.