Azərbaycanın iş adamlarının İranın Mazandaran vilayətinə investisiya yatırmaları tərəflər üçün faydalı olar
Tehran, 12 aprel,
AZƏRTAC
Azərbaycanın iş adamlarının İran İslam Respublikasının Mazandaran vilayətinə investisiya yatırmaları tərəflər üçün faydalı olar.
Bunu İranın Ramsar şəhərinin meri Hüseyn Sururi bu ölkədə səfərdə olan azərbaycanlı media nümayəndələrinə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanın iş adamları vilayətin turizm, kənd təsərrüfatı, gülçülük və dekorativ bitkilərin yetişdirilməsi və ixracı sahələrinə investisiya qoya bilərlər.
H.Sururinin sözlərinə görə, İranda qəbul olunmuş yeni qanuna əsasən xarici biznesmenlərin investisiyaları dövlət tərəfindən sığortalanır. Bu onu göstərir ki, dövlət xarici iş adamlarının ölkəyə yatırdıqları investisiyaya zəmanət verir.
İş adamlarına hər cür şəraitin yaradılmasına və torpaq sahəsi ayırmağa hazır olduqlarını bildirən mer onu da vurğulayıb ki, İran və Azərbaycan xalqlarını birləşdirən amillər çoxdur. Hər iki xalqı yaxınlaşdıran ilk növbədə onların ortaq milli dəyərlərə və tarixə malik olmalarıdır. Bunlar qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün vacib şərtlərdir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran