Ölkə

Azərbaycanın Daxili İşlər Nazirliyi Türkiyənin hüquq mühafizə orqanları ilə əlaqələrin inkişafına böyük önəm verir

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

Azərbaycan Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 22-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin tibb komandanı - Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, general-polkovnik Ömər Paçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, Ramil Usubov müstəqillik illərində iki ölkə arasında qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf edərək möhkəmləndiyini diqqətə çatdırıb. Nazir bu əlaqələrin inkişafında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidməti olduğunu vurğulayıb, dahi rəhbərin “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xatırladıb.


Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran Ramil Usubov rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin hüquq mühafizə orqanları ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğulayıb. Nazir ordu quruculuğunda, o cümlədən DİN Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə tərəfinin böyük zəhməti olduğunu, qardaş ölkənin ali hərbi məktəblərində və Polis Akademiyasında Daxili İşlər Nazirliyinin xətti ilə 700-dən çox hərbi qulluqçu və müdavimin təhsil aldığını xüsusi qeyd edib və buna görə minnətdarlığını bildirib. O, Türkiyə Respublikası Silahlı Qüvvələrinin tibb komandanı - Gülhanə Hərbi Tibb Akademiyasının rəisinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.


Səmimi qəbula, xoş sözlərə və ətraflı məlumata görə təşəkkür edən general-polkovnik Ömər Paç Azərbaycana səfərindən şərəf duyduğunu, ölkəmizin qısa zamanda olduqca sürətli və modern inkişaf yolu keçməsindən məmnunluğunu bildirib. Qonaq ulu öndər Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikrini xatırladaraq əlaqələrimizin bundan sonra daha da dərinləşməsinə çalışacaqlarını bildirib.