Azərbaycana qonşu ölkələrdən gələn turistlərin sayı azalıb
Bakı. 2 aprel. REPORT.AZ/ Son aylar ərzində Azərbaycana gələn xarici turistlərin sayında azalma müşahidə olunur. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevbildirib: "Bu, bütün dünyada baş verən prosesdir, biz də bunu etiraf edirik və burada heç bir problem görmürük".
Onun sözlərinə görə, Rusiyadan bütün ölkələrə gedənlərin sayı azalıb. Nazir eyni zamanda müəyyən iqtisadi və digər səbəblərə görə İran və Gürücstandan da Azərbaycana gələnlərin sayının təxminən 3-4% azaldığını deyib.
"Amma digər ölkələrdən coğrafi baxımdan daha geniş zonanı əhatə edirik. Qərb, şərq və ərəb ölkələrindən Azərbaycana gələn turistlərin təxminən 5-15% artmasını müşahidə edirik. Təbii ki, bu, qonşu dövlətlərdən gələnlərin sayını kompensasiya etmir. Çünki oradan gələnlərin sayı daha çoxdur", - deyə nazir vurğulayıb.
Dövlətin əsas məqsədinin rəqəmlər əldə etmək deyil, müxtəlif bölgələr, şirkətlər, daha geniş coğrafiyanın Azərbaycana cəlb olunması, eyni zamanda azərbaycanlıların ölkə daxilində səyahət etməsi üçün lazımi şəraitin yaradılması olduğunu vurğulayan Ə.Qarayev qeyd edib ki, bu ildən etibarən daxili turizmin statistikasına ciddi yanaşılacaq.
"Bu il yerli statistikanı uğurlu şəkildə təhlil edə bilsək, o zaman daxili statistikanı da apara biləcəyik", - deyə Ə.Qarayev əlavə edib.