Azərbaycan xarici işlər nazirinin müavini BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşüb
[ 14 Aprel 2015 17:56 ]
Bakı – APA. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 66-cı sessiyası çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad N. Nəcəfbəyli BMT-nin Cenevrə bölməsinin baş direktoru Maykl Möllerlə görüşüblər.
Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla BMT arasındakı münasibətlər müzakirə edilib və Azərbaycanın Cenevrədəki aktiv fəaliyyəti müsbət qiymətləndirilib.
Görüşdə bir sıra digər məsələlərlə yanaşı, BMT-nin 2015-dən sonrakı İnkişaf Gündəliyi və İqlim Dəyişikliyi üzrə növbəti Zirvə Toplantısı fonunda iqtisadi, ətraf mühit, nəqliyyat və enerji məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, M. Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti hazırda BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 66-cı sessiyasında iştirak edir. Xarici işlər nazirinin müavini yüksək səviyyəli panel çərçivəsində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının rolu və Azərbaycanın regiona töhfələri mövzusunda çıxış edib.