Ölkə

Azərbaycan ilə Litva arasında təhsil sahəsində əlaqələrə dair yeni layihələr müzakirə edilib

Metbuat.az

Vilnüs, 22 aprel,

AZƏRTAC

Aprelin 22-də Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin qədim təhsil ocaqlarından biri olan Vilnüs Universitetinin yeni təyin edilmiş rektoru Arturas Zukauskasla görüşüb. Görüşdə Azərbaycan ilə Litva arasında təhsil sahəsində əlaqələr, bu istiqamətdə yeni layihələr barədə fikir mübadiləsi aparılıb.


Səfir H.Məmmədzadə ölkələrimizin təhsil sahəsində mövcud əməkdaşlığına dair məlumat verib. Azərbaycan rəhbərliyi tərəfindən təhsilin inkişafına xüsusi diqqətin yetirildiyini qeyd edən səfir hazırda Litvanın beş universitetinin Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramına daxil edildiyini və Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını deyib. O, hazırda Azərbaycanın və Litvanın bir sıra universitetləri arasında birbaşa əməkdaşılığın mövcud olduğunu və bu cür əlaqələrin Bakı Dövlət Universiteti ilə Vilnüs Universiteti arasında da mümkünlüyünü qeyd edib.


A.Zukauskas Bakı Dövlət Universiteti ilə əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildirərək gələcəkdə qarşılıqlı səfərlərin, təcrübə və tələbə mübadiləsinin həyata keçirilməsinin, eyni zamanda, hər iki ölkə müəllimlərinin həm humanitar, həm də texniki elmlər üzrə mühazirələr oxumasının vacibliyini vurğulayıb.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi muxbiri
Vilnüs