İqtisadiyyat

“Azərbaycan Hava Yolları”nın Romada “Boeing-787-8 Dreamliner”inin təqdimatını keçirməsi İtaliya mətbuatının diqqət mərkəzində

Metbuat.az

Roma, 9 aprel,

AZƏRTAC

İtaliya mətbuatında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ən müasir “Boeing-787-8 Dreamliner” sərnişin təyyarəsinin Avropaya ilk uçuşunu Romaya həyata keçirməsi ilə bağlı məqalələr yer alıb.


Yazılarda bildirilir ki, cari ilin yay mövsümündə QSC-nin Bakı-Milan-Bakı və Bakı-Roma-Bakı marşrutu üzrə aviareyslərinin sayı 50 faiz artacaq. Belə ki, cari il mayın əvvəllərindən etibarən Bakı-Milan-Bakı, iyulun 2-dən etibarən isə Bakı-Roma-Bakı reysləri həftədə üç dəfə reallaşacaq.


Məqalələrdə “Azərbaycan Hava Yolları”nin İtaliya üzrə baş təmsilçisi İbrahim Seyidovun sözlərinə yer verilib: “Azərbaycan ilə İtaliya arasında uçuşların həftədə altı dəfəyədək yüksəldilməsinin əsas səbəbi bu marşrutlara tələbatın çox olmasıdır. Xüsusilə biznes məqsədilə qarşılıqlı səfər edənlərin sayı getdikcə artmaqdadır”.


Oxucuların diqqətinə çatdırılır ki, son illərdə Azərbaycan-İtaliya aviareyslərində qarşılıqlı səfər edənlərin sayının bir neçə dəfə artdığı müşahidə edilir. Turistlər Azərbaycana səfər etməklə bu ölkənin gözəlliyini, keçmişlə gələcəyin vəhdətini görmək imkanı əldə edirlər. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksindəki qeyri-adi arxitektura nümunələri buraya daxil olan hər bir qonağın diqqətini cəlb edir.


Yazılarda, həmçinin bildirilir ki, QSC fəaliyyət dairəsini daha da genişləndirərək, Nyu-Yorka və Pekinə birbaşa uçuşlar həyata keçirir.


Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma