İqtisadiyyat

Azərbaycan əqli mülkiyyət hüquqlarının etibarlı şəkildə qorunmasına böyük önəm verir

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Azərbaycan Gömrük Xidməti əqli mülkiyyət hüquqlarının etibarlı şəkildə qorunmasına böyük önəm verir.


Bunu Dövlət Gömrük komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən əqli mülkiyyət hüquqlarının qorunmasına dair milli seminarda deyib.


Dövlət Gömrük Komitəsindən

AZƏRTAC

-a bildiriblər ki, komitə sədrinin müavini son illərdə əqli mülkiyyət hüquqları sahəsində sistemli iş aparıldığını iştirakçıların diqqətinə çatdırıb. Ş.Bağırov əqli mülkiyyət hüquqlarının qorunmasının ilk növbədə ölkəmizin müvafiq qanunvericilik aktlarında öz əksini tapdığını, bilavasitə sərhədlərdə idxal-ixrac əməliyyatları zamanı müvafiq tədbirlərin həyata keçirildiyini, bu sahənin inkişaf etdirilməsinə geniş yer verildiyini bildirib.


Əqli mülkiyyət hüquqlarının qorunmasının regional səviyyədə həyata keçirilməli olduğunu vurğulayan Ş.Bağırov bu məqsədlə qonşu dövlətlərlə əməkdaşlığın və işbirliyinin gücləndirilməsinə önəm verildiyini qeyd edib. DGK sədrinin müavini əqli mülkiyyət hüquqlarının etibarlı şəkildə qorunmasını təmin etmək üçün ölkə daxilində müvafiq dövlət qurumları, özəl sektor nümayəndələri və hüquq sahibləri ilə əməkdaşlığın da vacib olduğunu iştirakçılarının diqqətinə çatdırıb.


Sonra DGT-nin Əqli Mülkiyyət Hüquqları Proqramı üzrə texniki eksperti Sandra Vens, Yaponiya Gömrük Xidmətinin əqli mülkiyyət hüquqları üzrə eksperti Yamakava Shimao və İtaliya Gömrük Xidmətinin əməkdaşı Antonacchio Fabio çıxış edərək Azərbaycan gömrüyünün də əqli mülkiyyət hüquqlarının qorunması sahəsində əldə etdiyi təcrübədən yararlanacaqlarını diqqətə çatdırıblar.


Seminarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nümayəndəsinin əqli mülkiyyət hüquqlarının qorunmasının əhəmiyyəti və bu işdə gömrük xidmətinə göstərilən köməyə dair təqdimatla çıxışı da nəzərdə tutulub.


Seminar aprelin 17-dək davam edəcək.