Aydın Əliyev: Birinci Avropa Oyunları ilə əlaqədar gömrük əməkdaşlarına xüsusi treninqlər keçirilir
Bakı, 8 aprel,
AZƏRTACBirinci Avropa Oyunları ilə əlaqədar sərhəddə gərgin qrafiklə fəaliyyət göstərəcək gömrük əməkdaşları üçün xüsusi treninqlər keçirilir.
AZƏRTAC
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə müsahibəsində məlumat verib. O bildirib ki, Birinci Avropa Oyunları zamanı Azərbaycan gömrükçülərinin əsas vəzifəsi ölkəmizə gələn qonaqların əl yüklərinin, baqajlarının, eyni zamanda digər yüklərin gömrük rəsmiləşdirilməsini vaxtında təşkil etməkdir. Yüklər ilə bağlı fəaliyyətimizi uğurla bitirmişik. Tikintilər və oyunların təşkili ilə bağlı yüklər isə rəsmiləşdirilir.
A.Əliyev qeyd edib ki, bir neçə il bundan öncə Azərbaycanın həm sərhəd gömrük, həm də daxili qaydaları haqqında xüsusi yaddaş kitabçası hazırlanaraq əlaqədar təşkilatlara təqdim edilib ki, onlar ölkəmizə gələn qonaqları məlumatlandıra bilsinlər.