Andrey Belyaninov: “Azərbaycanlı həmkarlarımızdan çox şey öyrənirik”
Bakı, 3 aprel,
AZƏRTAC"Rusiya gömrükçüləri çox şeyi azərbaycanlı həmkarlarından öyrənir.
AZƏRTAC
xəbər verir ki, bunu “Vestnik Kavkaza” xəbər portalına müsahibəsində Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov deyib.
A. Belyaninov bildirib ki, bu il mən Bakıda oldum və biz Azərbaycandan Rusiyaya gələn və ölkəmizdən Azərbaycana aparılan yeyinti məhsulları üçün “yaşıl dəhliz”in yaradılması məsələlərini müzakirə etdik. Biz bu cür məhsulların sərhəddə hərəkət edilməsi üçün rahat şəraitin yaradılmasında maraqlıyıq. Maksimal olaraq bu məhsulların Rusiya istehlakçılarına çatdırılmasını istəyirik. Artıq bu məsələdə müəyyən razılıq da əldə etmişik.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığa maraqlı olduqlarını, onlardan çox şey öyrəndiklərini xüsusi vurğulayıb: “Azərbaycan gömrükçüləri, xüsusilə, informasiya texnologiyaları, o cümlədən, texniki vasitələrin keçidinin təmin edilməsi sahələrində çox inkişaf ediblər. Azərbaycandan götürüləsi çox şey var və biz bunları gündəlik təcrübəmizdə istifadə edəcəyik. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev MDB ölkələrinin gömrük rəhbərləri arasında duayendir. Böyüyə qarşı isə yalnız hörmətlə yanaşmaq lazımdır”.