AMEA ilə “Azərsu” “Elm və innovasiyaların tətbiqi sahəsində birgə fəaliyyətə dair” niyyət sazişi imzalayıblar
Bakı, 22 aprel, Gülnar Bəşirova,
AZƏRTACAprelin 22 –də Azərbaycan Milli Elmlər Akademiyası və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında “Elm və innovasiyaların tətbiqi sahəsində birgə fəaliyyətə dair” niyyət sazişi bağlanıb.
AZƏRTAC
xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu əməkdaşlığın çoxdan arzulandığını deyib. Akif Əlizadə bildirib ki, bu saziş nəticəsində “Azərsu” ASC ilə gələcəkdə xeyli şərikli işlər görüləcək: “Hesab edirəm ki, birgə bir neçə istiqamətdə fəaliyyətimiz olacaq”,-deyə akademik əlavə edib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, gələcək fəaliyyətlərində Azərbaycan Milli Elmlər Akademiyasının potensialından istifadə etmək niyyətindədirlər: “Biz çox böyük irihəcimli layihələr həyata keçiririk. Təbii ki, həmin layihələrdə müasir texnologiyaların tətbiq olunması da vacib amildir. Bu gün texnologiya sürətlə inkişaf edir və bu texnologiyaların özəyində alimlər dayanır. Biz birgə çalışsaq bu sahədə yüksək nəticələr əldə edə bilərik”.
Qorxmaz Hüseynov AMEA ilə əməkdaşlığın ciddi nəticələri olacağına inandığını diqqətə çatdırıb: “Biz birlikdə çalışsaq inanıram ki, yaxşı nəticələr əldə edə bilərik. Bir çox istiqamətlərdə-suyun təmizlənməsi, geologiya, hətta ekologiya sahəsində fəaliyyətimiz ola bilər”.