Ölkə

Akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü ərəfəsində silsilə tədbirlər keçirilib

Metbuat.az

Bakı, 22 aprel, Əziz Məmmədov,

AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirib.


AZƏRTAC

xəbər verir ki, əvvəlcə YAP Nəsimi rayon təşkilatının qadınlar şurası üzvlərinin iştirakı ilə 5 nömrəli şəhər poliklinikasında görmə qabiliyyəti zəif olan qadınlar üçün pulsuz tibbi müayinə təşkil olunub. Aksiya zamanı zərif cinsin 43 nümayəndəsi müayinə olunub. Sonra əlil qadınlar üçün “Millenium” restoranında banket təşkil edilib.


YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında qanvermə aksiyası keçirilib. Aksiyada partiyanın təqribən 300 üzvü iştirak edib.


Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülərə Verdiyeva, habelə YAP Nəsimi rayon təşkilatının qadınlar şurasının üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzmunlu həyat yolundan, pedaqoji və həkim fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələrində apardığı tədqiqatlar, habelə əldə etdiyi uğurlar və fundamental əsərləri tibb elmi tarixinin parlaq səhifələrini təşkil edir.


Tədbirdə vurğulanıb ki, Zərifə Əliyeva ziyalı qadının adını ucaldan unudulmaz şəxsiyyətlərdən biridir. Görkəmli alim müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun, həyatını Vətənin və xalqın tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı və sadiq dostu olub.


Qeyd edək ki, donor qanı talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.