Texnologiya
Ağıllı ev pula nə qədər qənaət edir?
Ağıllı ev gələcəyin ən mütərəqqi texnoloji həlli hesab edilir. Belə ki, yaxın gələcəkdə ağıllı sensorlar sayəsində elektrik cihazları yalnız lazım olduqda işləyəcək.
Sözügedən sahə uzun illər inkişaf etdirilsə də, yalnız ötən ildən etibarən tərəqqi hiss olunub. Buna misal olaraq, Google şirkətinin Nest Labsı 3 milyard dollara satın almasını göstərmək olar.
Qısa haşiyə çıxaraq qeyd edək ki, Nest Labs termostat və yanğın siqnalizasiya sistemi daxil olmaqla ağıllı ev üçün müxtəlif qurğular hazırlayır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ağıllı ev texnologiyası indi biznes sahəsində iki ən populyar tendensiyanı özündə birləşdirir: əşyaların interneti və yaşıl texnologiyalar.
Bu yaxınlarda Britaniya hökuməti tərəfindən hazırlanmış hesabatda qeyd edilir ki, ağıllı ev inqilabı insanların həyatını tamamilə dəyişdirə bilər.
Rəsmi London bu il ölkənin bütün ev təsərrüfatlarında ağıllı sayğacların quraşdırılması üzrə milli kampaniyaya başlamaq niyyətindədir. Belə ki, ağıllı sayğaclar evin enerji sərfiyyatını hesablayaraq bu informasiyanı simsiz şəbəkə vasitəsilə kommunal müəssisələrə ötürməli olacaq.
Nəticədə şirkətlər əməkdaşların xərclərini azaldacaq ki, bu da dolayısı ilə əhalinin ödənişlərini minimuma endirəcək. Müştərilər isə real vaxt rejimində enerji sərfiyyatının monitorinqi hesabına qənaət üzrə faydalı məlumat əldə edə biləcəklər.
Qeyd edək ki, britaniyalı istehlakçılar orta səviyyəli ağıllı sayğac üçün təxminən 300 dollar ödəməli olacaqlar. Amma belə texnologiyanın tətbiqi hesabına əldə olunacaq qənaətə zəmanət verilmir.
Yeri gəlmişkən qeyd edək ki, əsl ağıllı evin yaradılması çox baha başa gəlir. Lazımi qurğuların əksəriyyəti min dollar təşkil edir, yəni tam yeniləmə yüz minlərlə dollara başa gələcək.
Bununla belə, belə avadanlığın quraşdırılması ilə məşğul olan şirkətlər 10 faizlik qənaətə söz verirlər. Amma bu məbləğ gözlənildiyi qədər də çox deyil. Amerikada isə (bu texnologiyalar indi geniş yayılıb) ildə təxminən 100 dollar qənaət etmək mümkün olacaq.
Ümumi mənzərə göstərir ki, ən yaxşı halda 100 dollar qənaət etmək üçün çətin ki kimsə ağıllı ev texnologiyalarının yenilənməsinə 5 min dollar xərcləsin.
Milli.Az