Abşeron rayonunda 189 min 460 nəfər tibbi müayinədən keçib
Xırdalan, 4 aprel, Ətrabə Rzayeva,
AZƏRTACAzərbaycanda ardıcıl olaraq ikinci ildir ki, əhalinin pulsuz tibbi müayinəsi aparılır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən xeyirxah aksiya Abşeronda da uğurla davam etdirilir. Tibbi müayinələrin yüksək səviyyədə aparılması üçün Abşeron Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, qrafik tərtib olunub. Həmçinin müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət briqadalar təşkil edilib.
AZƏRTAC
xəbər verir ki, sakinlər mərkəzi poliklinikada, uşaq poliklinikasında, Saray qəsəbə xəstəxanasında və Mehdiabad həkim ambulatoriyasında tibbi müayinədən keçirilir. Aksiya çərçivəsində rayonun səhiyyə ocaqlarında 314 min sakin və rayonda məskunlaşan məcburi köçkünlər pulsuz tibbi müayinədən yararlanacaq. Əhali yerli telekanal və qəzetlər vasitəsilə tibbi müayinələrin aparılması barədə ətraflı məlumatlandırılıb.
Bu günədək Abşeron rayonunda 189 min 460 nəfər tibbi müayinədən keçirilib. 1567 nəfərə ambulator, 222 nəfərə stasionar müalicə təyin olunub, 333 nəfər Bakı şəhərində müvafiq xəstəxanalara göndərilib. Sevindirci haldır ki, bu günə qədər aparılan müayinələr zamanı sakinlər arasında yolxucu xəstəliklər aşkar edilməyib.
Dövlətimizin başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanır, insanlar kütləvi tibbi müayinəyə böyük həvəslə gəlirlər. Müayinədən keçən insanlar xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Əhalinin tibbi müayinədən keçirilməsi aksiyası mayın 1-dək davam etdiriləcək.