Zaqatalanın 19 yaşayış məntəqəsində kütləvi tibbi müayinələr başa çatıb
Zaqatala, 11 mart,
AZƏRTACRespublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi aksiyası yüksək mütəşəkkilliklə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən bu xeyirxah aksiya əhali tərəfindən də böyük razılıqla qarşılanır.
Zaqatala rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova
AZƏRTAC-a bildirib ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn aksiyada fəal iştirak edirlər. Rayonun 61 yaşayış məntəqəsindən 19-da tibbi müayinələr artıq başa çatıb. Zaqatala şəhəri və digər yaşayış məntəqələrində isə müayinələr cədvələ uyğun davam etdirilir.
V.Süleymanova qeyd edib ki, aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 75 min nəfərdən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulub. İndiyədək 40 min nəfərə yaxın sakin müayinə olunub. Onlardan 2496 nəfərinə ambulator müalicə təyin edilib, 50 nəfər stasionar müalicəyə cəlb olunub. Eyni zamanda, daha geniş müayinə və müalicəyə ehtiyacı olan 12 nəfər paytaxtın tibbi müəssisələrinə göndərilib.
Rayon əhalisi artıq ikinci ildir ki, keçirilən bu aksiyanı çox yüksək qiymətləndirir, onlara yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.