Yevlax rayonunda kütləvi tibbi müayinə uğurla davam edir
Yevlax, 16 mart, Tahir Ağaməmmədov,
AZƏRTACAzərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizin hər yerində olduğu kimi, Yevlax rayonunda da əhalinin tibbi dispanserizasiyası uğurla həyata keçirilir.
Yevlax rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Niyaz Hüseynov
AZƏRTAC-a bildirib ki, rayonda əhalinin kütləvi tibbi müayinəsi üçün hər cür şərait yaradılıb. Tibbi müayinə mərkəzi rayon xəstəxanasında və Xaldan kənd sahə xəstəxanasında həyata keçirilir. Bundan başqa hər birində terapevt, kardioloq, nevropotoloq, ginekoloq, cərrah, laborant və digər ixtisaslı həkimlər olmaqla, 5 briqada yerlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır.
Fevralın 2-dən indiyədək 29 min 747 nəfər müayinədən keçib. Xəstəlik aşkar edilən 1294 nəfər ambulator, 267 nəfər stasionar müalicəyə cəlb edilib, 90 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq yevlaxlılar tərəfindən razılıqla qarşılanır. Onlar ölkə vətəndaşlarının sağlamlıqlarının etibarlı şəkildə qorunması məqsədilə keçirilən aksiyanı yüksək qiymətləndirir, Prezident İlham Əliyevin bu humanist təşəbbüsünə razılıqlarını bildirirlər.