Ölkə

Yeni qurumlar yaradılır (VİDEO)

Metbuat.az

Vətəndaşlar Mənzil İstismar sahələrinə alternativ yaratmağa başlayıblar.



ANS TV-nin məlumatına görə, öz yaşadıqları binanın kommunal problemlərinin həlli, eləcə də lazım olan arayışların verilməsi kimi funksiyaları yerinə yetirəcək bu qurumlardan artıq 7-si yaradılıb. Növbəti belə cəmiyyət isə Sumqayıtda ola bilər.



İlk dəfə Binəqədi rayonunda yaradılan Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti artıq digər rayonların ərazisində yaradılmağa başlayıb. Yaradılan cəmiyyətlər 7-si isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Yeni idarəetmə qurumları əsasən Nəsimi, Yasamal və Səbayil rayonları ərazisində fəaliyyət göstərir. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mənzil fondunun idarə edilməsinin yeni üsullarından biridir. Belə cəmiyyətlər hazırda mövcud olan Mənzil -Kommunal İstismar İdarələrinə alternativ hesab olunur.



Mənzil-Kommunal Siyasəti Şöbəsinin müdiri Nizami Qasımov bildirdi ki, yeni yaradılan qurumlara icazə verilir ki, öz binalarını Mənzil İstismar sahələrindən çıxardaraq özləri idarə etsinlər. Bunun üçün isə ümumi yığıncaq çağrılmalıdır ki, burada idarəetmə forması seçilsin.



Bütün bu məsələlər Mənzil Məcəlləsində öz əksini tapıb. Məcəlləyə əsasən çoxmənzilli binanın idarə olunması mülkiyyətçilərin yəni sakinlərin özləri tərəfindən həyata keçirilməlidir. Yeni idarəçilik formasına əsasən binanın idarə edilməsi üsulu, idarəçinin və xidmətlərin seçilməsi, o cümlədən yaşayış sahəsinə görə haqqın miqdarı və digər məsələlər mülkiyyətçilər tərəfindən müəyyən edilir. Bu sahədə maarifləndirmə və təbliğat işini genişləndirmək məqsədilə bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda Mənzil Mülkiyyətçiləri və Bələdiyyə nümayəndələri üçün tədbir keçirilib.



Mənbə
ANS TV, Diana Dadaşova