"Yeni Həyat" yerli şirkətlərlə müqavilə imzaladı - FOTO
Son zamanlar Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişaf etməsi xarici analoqları ilə bərabərhüquqlu rəqabətə davamlı yerli məhsul və brendlərin yaranmasına münbit şərait yaradıb.
Bunun nəticəsində bir sıra sahələrdə, o cümlədən, inşaat sektorunda fəaliyyət göstərən şirkətlər işlərinin böyük əksəriyyətini yerli məhsullara əsaslanaraq qurmağa və uğurlu layihələrə imza atmağa müvəffəq olub.
Belə şirkətlərdən biri də ölkənin inşaat sektorunun liderlərindən sayılan "Yeni Həyat" şirkətlər qrupudur. Şirkət bütün son layihələrində "AAC" şirkətinin istehsal etdiyi "Gobustone" hörgü bloklarından, "Spark" şirkətinin istehsalı olan betondan, "GÖKNUR-BAKI" şirkətinin istehsal etdiyi müxtəlif təyinatlı kabellərdən istifadə etməkdədir.
Martın 18-də "Yeni Həyat" şirkətlər qrupu ilə "AAC" MMC, "Spark" MMC və "GÖKNUR-BAKI LTD" MMC arasında birgə əməkdaşlıq haqda saziş imzalanıb.
Bu münasibətlə mətbuat konfransı təşkil olunub, adıçəkilən şirkətlərin rəhbərləri layihə haqda geniş məlumat veriblər. Son illər gördükləri işlər və xarici partnyorları haqda danışıblar.
Konfransda öncə "Yeni Həyat" şirkətlər qrupunun idarə heyətinin sədri Fərid Əsədov çıxış edib. İdarə heyətinin sədri bildirib ki, son günlər manatın rəsmi məzənnəsindəki dəyişikliklərin yerli bazara təsirini azaltmaq, habelə kommersiya əməliyyatları və layihələrdə yerli şirkətlərlə məhsullara üstünlük verilməsi siyasətinin məntiqi nəticəsi kimi "Yeni Həyat", "AAC", "Spark Beton" və "GÖKNUR-Bakı" şirkətləri birgə əməkdaşlıq haqda saziş imzalayıblar.
Daha sonra Fərid Əsədov hazırkı və gələcək planlardan bəhs edib. Artıq brendə çevrilmiş "Yeni Həyat"ın gələcək planlarından biri Nobel prospektində tikiləcək "Həyat Towers" kimi böyük layihədir. 5500 mənzildən ibarət olacaq binanın 24-25 mərtəbəli olması nəzərdə tutulur.
Konfransda digər şirkətlərin nümayəndələri də jurnalistlərin suallarını cavablayıblar.
Sazişin əsas mövzusuna görə, "Yeni Həyat" loqosu ilə həyata keçiriləcək bütün layihələrdə zəruri mal-material tədarükündə məhz bu partnyor şirkətlərin məhsullarından istifadə ediləcək. Ölkə iqtisadiyyatının inkişafına dəstək olan bu addım yerli istehsalçıların nəinki bir-biri ilə, hətta xarici istehsalçılarla sağlam rəqabət aparmasına və xarici analoqlardan seçilməyən keyfiyyətli məhsul istehsal etməsinə yardım edəcək.
Sonda mətbuat konfransında birgə əməkdaşlıq haqqında sazişi "Yeni Həyat" şirkətlər qrupunun idarə heyətinin sədri Fərid Əsədov, "AAC" MMC-nin baş direktoru İsrail Asaliyev, "Spark" MMC-nin müdiri Əbdürrəhman Madakbaş, "GÖKNUR-BAKI LTD" MMC-nin baş direktoru Rahib Rzayev imzalayıblar.