YAP Şəki təşkilatı üzvlərinin 34 faizini gənclər təşkil edir
Şəki, 4 mart,
AZƏRTACYeni Azərbaycan Partiyası (YAP) Şəki təşkilatının üzvlərinin 3712 nəfərini və ya 34 faizini gənclər təşkil edir.
AZƏRTAC
xəbər verir ki, bu barədə martın 4-də YAP Şəki təşkilatı Gənclər Birliyinin IV konfransında məlumat verilib.
Tədbiri YAP Şəki təşkilatının sədri Həsən Həsənov açaraq, zəngin tarixə malik olan və zamanın çətin sınaqlarından çıxan Yeni Azərbaycan Partiyasının ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, ətrafında cəmiyyətin intellektual təbəqələrini, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyev ideyalarına sadiq insanları birləşdirdiyini bildirib.
YAP Şəki təşkilatı Gənclər Birliyinin sədri Daşqın Mikayılovun hesabat məruzəsində qurumun əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilib, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən bəhs olunub. Bildirilib ki, YAP Şəki təşkilatının hazırda 10903 nəfər üzvü var. Əvvəlki konfransdan ötən dövr ərzində 833 nəfər gənc partiya sıralarına qəbul olunub. Təşkilatın Gənclər Birliyinin üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Vurğulanıb ki, Azərbaycan gəncliyinin avanqard qüvvəsi olan YAP Gənclər Birliyinin fəaliyyəti dövlətçiliyimizin qorunmasına və inkişafına xidmət edir. Şəki gəncləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gəncliyə yaradılan gözəl imkanları ürəkdən alqışlayır, Vətənimizin daha da inkişaf etməsi, çiçəklənməsi işində qüvvələrini əsirgəmirlər.
Konfransda Milli Məclisin deputatı Kamilə Əliyeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abbasov çıxış edərək, partiyanın Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan danışıb, gənclərə tövsiyələrini bildiriblər.
Sonra təşkilatı məsələlərə baxılıb, YAP Şəki təşkilatı Gənclər Birliyinin Şura üzvləri və sədri seçilib, respublika konfransına nümayəndələr müəyyənləşdirilib.
Partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Sonda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.