Ümummilli lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir
Qazax, 11 mart,
AZƏRTACQazax rayonunun ümumtəhsil məktəblərində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədilə XI sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslərin keçirilməsi davam edir.
AZƏRTAC
xəbər verir ki, növbəti açıq dərsdə Aşağı Salahlı və Orta Salahlı kənd tam orta məktəblərinin XI sinif şagirdləri iştirak ediblər.
Tarix müəllimi Aygün Allahverdiyeva bildirib ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr edən ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olmaq, öz xalqının qəlbində daim yaşamaq səadəti bəxş edib. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir. Xalqımızın böyük oğlunun fədakarlığı və uzaqgörən siyasəti sayəsində mövcud problemlər, dövlət çevrilişi cəhdləri aradan qaldırılıb və ölkəmizin gələcək iqtisadi inkişafı üçün böyük zəmin yaradılıb.
Ulu Öndərin əsasını qoyduğu siyasətin layiqli davamçısı olan Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilib.
Tədris prosesində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.