Dünya
Ukraynanı dağıdan QRU polkovniki: “Rusiya 1939-cu il sərhədlərinə qayıtmalıdır”
Donbas separatçılarının keçmiş komandiri, Ukraynada diversiya əməliyyatlarına rəhbərlik edən QRU polkovniki İqor Strelkov Almaniyanın “Der Spiegel” jurnalına müsahibə verib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, müharibəni başladan adam kimi tanınan Strelkov Moskvanı “passivlikdə” günahlandırıb və bildirib ki, Putin ləng hərəkət edir. Onun sözlərinə görə, Putin çoxdan Donbasın Rusiyaya birləşdirilməsi barədə qərar qəbul etməli, üstəlik bütöv Ukraynanı nəzarət altına almalı idi.
“Biz Ukrayna ordusunu hələ ötən ilin sentyabrında darmadağın edə bilərdik. Mariupolu, hətta daha çox əraziləri tutmaq imkanımız var idi. Ancaq indi Debaltsovo ətrafında məğlubiyyətə baxmayaraq Ukrayna ordusu Donbas özünümüdafiə qüvvələrindən üstündür” - deyə Strelkov bildirib.
QRU polkovniki deyib ki, Donbassın da Krım kimi referendumla Rusiyaya birləşdiriləcəyinə ümid edirdi. Lakin Kreml xarici siyasət amillərini əsas gətirərək bu addımı atmadı.
“Mən vahid Rusiya ideyasına sadiq olaraq qalıram. Kiyev rus şəhəridir. Ukrayna Rusiyanın tərkib hissəsi olub və olaraq qalacaq. Mən arzu edirəm ki, Rusiya əvvəlki sərhədlərinə qayıtsın, heç olmasa 1939-cu il sərhədlərinə” - Strelkov deyib.
Milli.Az