Ukrayna: Donbas xüsusi statusu yalnız seçkilərdən sonra əldə edə bilər
Bakı, 18 mart,
AZƏRTACUkrayna Ali Radası Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında xüsusi yerli özünüidarə qaydalarına dair qanunu qəbul edib. Sənəddə xüsusi qeyd olunur ki, qanun “qeyri-qanuni silahlı qruplaşmaların və hərbi texnikanın ölkədən çıxarılmasından və Ukrayna qanunvericiliyinə uyğun olaraq növbədənkənar seçkilərin keçirilməsindən sonra” qüvvəyə minəcək. Buna qədər isə qondarma Donetsk və Luqansk “respublikalarının” nəzarətində olan rayonlar “müvəqqəti işğal edilmiş” ərazilər sayılacaq.
AZƏRTAC
Euronews telekanalına istinadla xəbər verir ki, bu düzəlişlərdən sonra da qanun “Müxalifət bloku”, “Radikal partiya” və “Batkivşina” partiyası tərəfindən dəstəklənməyib.
Qondarma “respublikaların” təmsilçiləri isə öz növbəsində qanunun Minsk razılaşmasına zidd olduğunu bildirirlər. Onların sözlərinə görə, danışıqlara əsasən, ilk növbədə Ukrayna konstitusiyasında islahatlar keçirilməli, xüsusi status barədə qanun dərc olunduğu gündən qüvvəyə minməlidir. Seçkilər barədə qanun isə DXR və LXR nümayəndələrinin iştirakı ilə hazırlanmalıdır.
Ukrayna tərəfi qəbul edilmiş qanunla Minsk razılaşması arasında heç bir ziddiyyət görmədiyini bəyan edib.