Tərtərin 27 yaşayış məntəqəsinin sakinləri tibbi müayinədən keçirilib
Tərtər, 14 mart, Tahir Ağaməmmədov,
AZƏRTACPrezident İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Tərtər rayon icra hakimiyyətdən
AZƏRTAC-a bildiriblər ki, tibbi müayinələr rayon mərkəzi xəstəxanası, Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında aparılır. Xəstəxanaya gələ bilməyən yaşlı insanlara, əlillərə evlərdə tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Artıq idarə və təşkilatların, təhsil müəssisələrinin kollektivlərinin tibbi müayinəsi başa çatıb. Rayonun 51 yaşayış məntəqəsindən 27-də sakinlər müayinədən keçirilib. Ümumilikdə fevralın 2-dən indiyədək tibbi aksiyadan 36 min 336 nəfər rayon sakini yararlanıb. Tibbi müayinədən 56 min 204 nəfər sakininin keçməsi nəzərdə tutulub.
Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri Sürəyya Əhmədova
AZƏRTAC-a bildirib ki, sakinlər müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olunur, ehtiyac olduqda kardioqrama, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilir. Vətəndaşlar daha çox ürək, qan-damar sistemi, böyrək, şəkərli diabet xəstəliklərindən əziyyət çəkdiklərini bildirirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir. Aksiya başlayandan bu günədək 2092 nəfəri ambulator, 29 nəfəri stasionar müalicəyə cəlb edilib, 11 nəfər isə paytaxtın müvafiq xəstəxanalarına göndərilib.
Dövlətimizin başçısının Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti tərtərlilər tərəfindən minnətdarlıqla qarşılanır. Rayon mərkəzi xəstəxanasında müayinə olunan Tərtər şəhər sakini Zülfiyyə Abdullayeva, Azadqaraqoyunlu kəndindən gəlmiş Asif Hüseynov, məcburi köçkün Zabil Zeynalov və başqaları yaradılan şəraitdən razılıqlarını bildirərək, vətəndaşların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.