“Tecnimont” şirkəti “SOCAR POLYMER” layihəsinin podratçısı olacaq
Bakı, 29 mart,
AZƏRTACSumqayıt Kimya Sənaye Parkında həyata keçirilən “SOCAR POLYMER” layihəsi çərçivəsində polipropilen istehsalı zavodunun inşası üçün texniki-iqtisadi əsaslandırmanı həyata keçirəcək podratçı şirkət məlum olub.
AZƏRTAC
“Russian Petrochemical Community”nin saytına istinadla xəbər verir ki, bu barədə “SOCAR POLYMER”in baş direktorunun müavini Emil Eminov məlumat verib. O bildirib ki, layihənin maddi texniki-iqtisadi əsaslandırmasında podratçı kimi “Tecnimont” şirkəti seçilib. Yayın sonuna kimi tenderin tamamlanması və müqavilənin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, layihəyə əsasən inşa olunacaq zavodda ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı nəzərdə tutulur. Polipropilen istehsalına 2016-cı ildə başlanması planlaşdırılır.