Ölkə

Tbilisidə ictimai medianın cəmiyyətdəki roluna dair seminar keçirilir

Metbuat.az

Tbilisi, 25 mart,

AZƏRTAC

Tbilisidə “Cənubi Qafqaz və Şərqi Avropa ölkələrində ictimai xidmət mediasının transformasiyası ilə bağlı çağırışlar” mövzusunda iki günlük seminar keçirilir.


AZƏRTAC

xəbər verir ki, Avropa Yayımları Şurası, ATƏT, Avropa İttifaqı və Gürcüstan İctimai Televiziyasının birgə təşkil etdikləri tədbirdə Azərbaycanı İctimai Televiziya və Radio Verilişləri şirkətinin əməkdaşları təmsil edirlər.


Avropa Yayımları Şurasının vitse-prezidenti Boris Berqant bildirib ki, ötən ilin noyabrında keçirilən ilk tədbirdə Şərq Tərəfdaşlığı ölkələrində ictimai televiziya və radioların fəaliyyətini təhlil etmək, ictimai yayımçıların əhalinin məlumatlandırılmasında rolu, ictimai yayımçılar ilə dövlət strukturları arasında əlaqələrin tənzimlənməsi məsələləri müzakirə olunub və tövsiyələr qəbul edilib. Bu tədbirin məqsədi ötən dövr ərzində görülən işləri müzakirə etmək və müvafiq tövsiyələr hazırlamaqdır.


Seminarda bu layihənin rəhbəri Radka Betçeva, Gürcüstan İctimai Televiziyasının direktoru Giorgi Barataşvili və başqaları çıxış edərək görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar.


Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədov seminarda çıxış edərək ölkəmizdə ictimai yayımın təşkili, ictimai yayımçı ilə dövlət və vətəndaş münasibətlərinin təşkili barədə məlumat verib.


Seminar martın 26-da işini davam etdirəcək.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi