TANAP layihəsi çərçivəsində SOCAR, bp və “Botaş” şirkəti arasında müqavilə imzalanıb
Bakı, 13 mart, Nihat Budaqov,
AZƏRTACTrans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi çərçivəsində martın 13-də Ankarada Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), bp və Türkiyənin “Botaş” şirkəti arasında müqavilə imzalanıb.
İmzalanan müqaviləyə münasibət bildirən “bp-Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı
AZƏRTAC-a müsahibəsində qeyd edib ki, bp bugünkü imzalanmadan çox məmnundur. “Səhmdarların sazişi bp-yə 12 faizlik TANAP-ın səhmdarı olmaq imkanı verir, digər bütün sazişlərin də tamamlanacağını gözləyirik. Bu məsələdə Azərbaycan və Türkiyə hökumətlərinin dəstəyinə görə təşəkkür edirik”, deyə T.Bayatlı bildirib.
TANAP-ı “Cənub” qaz dəhlizi layihəsinin çox mühüm bir hissəsi adlandıran T.Bayatlı əlavə edib ki, bu dəhliz “Şahdəniz” qazını ilk dəfə olaraq Avropa bazarlarına çatdıracaq. “Cənub” qaz dəhlizi Avropaya öz daxili ehtiyatları enməkdə olan bir vaxtda yeni enerji mənbəyi təklif edir və öz enerji imkanlarını şaxələndirmək imkanı yaradır.
Qeyd edək ki, Türkiyədən keçən hissəsinin tikintisinə martın 17-də başlanılacaq TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.