İqtisadiyyat

TANAP - tək regionun deyil, dünyanın qlobal layihələrindən biri

Metbuat.az
Anadolu agentliyi: “TANAP Xüsusi Təhlükəsizlik Qanunu çərçivəsində yüksək səviyyədə qorunacaq”

Azərbaycan qazının Türkiyə üzərindən Avropaya daşınmasını qarşıya məqsəd qoyan Trans Anadolu Təbii qaz Boru Xətti Layihəsi - TANAP dünya mediasının diqqət mərkəzindədir. Beynəlxalq media, o cümlədən Türkiyə mətbuatı layihənin tək ölkə üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb etməsindən yazır. Qeyd edilir ki, bu layihənin reallaşması Qərbin enerji təminatında əhəmiyyətli rol oynaya bilər.



Türkiyənin aparıcı kütləvi informasiya vasitələri, o cümlədən nüfuzlu “Anadolu” agentliyi xüsusən TANAP-ın təhlükəsizliyi məsələsinin necə həyata keçiriləcəyinə diqqət ayırıb. Onun beynəlxalq standartlara uyğun və müasir təhlükəsizlik vasitələri ilə qorunacağını xüsusi vurğulayıb. Agentlik bununla bağlı apardığı araşdırmanı da diqqətə çatdırır. Yazıda göstərilir ki, kəmər Xüsusi Təhlükəsizlik Qanunu çərçivəsində yüksək səviyyədə qorunacaq. “Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qarsın Səlimiyə mahalında təməli atılan TANAP üçün son texnologiyadan istifadə edilib. Burada bir çox fərqli təhlükəsizlik tədbirləri yer alıb. Enerji və Təbii Qaynaqlar Nazirliyinin səlahiyyətliləri bildiriblər ki, Türkiyənin hazırda mühafizə etdiyi boru xətlərində qazandığı təcrübələrdən istifadə edilir. TANAP-ın Ekoloji və Sosial Təsir Qiymətləndirmə hesabatına görə, 1085 kilometrlik xətt boyunca nəzarət sistemi qurulacaq. Sistem, stansiya, bina və nəzarət otaqlarına giriş çox mürəkkəb formada təşkil ediləcək. İstifadəçinin əraziyə daxil olması ağıllı kartlarla müəyyən ediləcək. Məhdud sahələrə giriş yalnız PİN - (Şəxsi Eynilik) ağıllı kartlarla mümkün olacaq. Burada müəyyən tanınma sistemi də qurulacaq. Lazımi icazələr olmadan boru xəttinə müdaxilə və stansiya sahələrinə girmə təşəbbüslərinin qarşısı alınacaq. Kompressor, qaz çıxışı, blok və ölçü stansiyalarının təhlükəsizliyi bir sistemlə təmin ediləcək. Şübhəli hadisələr baş verərsə, həyəcan siqnalı çalınacaq və təhlükəsizlik kameraları əlaqədar sahəyə istiqamətləndiriləcək.



Yeri gəlmişkən, Londonda yerləşən “College” universitetinin mütəxəssisi Qordon Vu TANAP-ın qoruma sisteminin təbii fəlakətlər və təhdidlərə qarşı ən yaxşı şəkildə təşkil edildiyini bildirib. “Paul Scherrer” İnstitutunun mütəxəssisi Peter Burqer isə boru xətlərini qorumanın asan olmadığını ifadə edib. Öz növbəsində NATO-nun Enerji Mərkəzinin direktor müavini Nikolas Henri Türkiyənin kritik boru kəmərlərinin qorunmasında təcrübəli olduğunu xatırladıb: “Region xalqlarının vəziyyəti və risk analizləri də göz qarşısında saxlanılmalıdır. Bu məsuliyyəti əvvəlcə Türkiyə, ardınca da bütün pay sahibləri almalıdır”.



Daha sonra xatırladılır ki, təməlqoyma mərasimindən sonra tikintisinə başlanılacaq 1850 km-lik boru kəməri 2018-ci ildə hazır olacaq. Həmin ildən etibarən isə Azərbaycandan Türkiyəyə ilk qaz nəqlinə başlanılacaq. Başlanğıcda ildə 16 milyard kubmetr həcmində ötürüləcək qaz sonradan 24 və 31 mlrd. kubmetrə çatdırılmalıdır. 2020-ci ilin əvvəlindən isə TANAP Trans-Adriatik Təbii Qaz Boru Xətti - TAP-a birləşdiriləcək və Cənubi Qafqaz Boru Xətti ilə təbii qaz Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. Türkiyədə TANAP-ın 20 vilayət, 67 mahal və 600 kənddən keçməsi planlaşdırılır. Layihədə Azərbaycan 58, BOTAŞ 30 və BP isə 12 faiz paya malikdir. Beləcə, Türkiyə yalnız tranzit ölkə deyil, enerji layihə zəncirinin hər halqasında yer alaraq Avrasiya enerji xəritəsində çox fərqli bir rolu öhdəsinə götürəcək. Bu vəziyyət Türkiyəni eyni zamanda Avropa enerji təhlükəsizliyi baxımından da kilid ölkə mövqeyinə yüksəldəcək. 2026-ci ildə Azərbaycanla bərabər Türkmənistan, İraq və s. ölkələrdən gələcək enerji qaynaqlarının da Türkiyə üzərindən Avropaya daşınması ehtimal edilir.



Məqalədə o da qeyd edilib ki, Rusiya ilə həyata keçirilməsi nəzərdə tutulan “Türk axını” qaz boru kəməri layihəsi heç bir halda TANAP-a rəqib ola bilməz: “Hazırda “Türk axını” layihəsinin reallaşdırılmasının fiziki və maliyyə baxımından mümkün olub-olmaması ilə bağlı tərəflər arasında danışıqlar aparılır. TANAP Türkiyənin də ortaq olduğu bir layihədir. Yəni Türkiyə “Şahdəniz” layihəsində BP-dən sonra ikinci ən böyük ortaqdır. Digər tərəfdən, TANAP layihəsində BOTAŞ-ın payı artıb, yəni Türkiyə TANAP layihəsinda SOCAR-dan sonra ikinci əsas ortaqdır. Bu baxımdan TANAP-ı hər hansı başqa layihə ilə müqayisə etmək doğru olmaz. TANAP Türkiyənin siyasi və iqtisadi olaraq bütün potensialını ortaya qoyduğu və Ankaranın sahib çıxdığı bir layihədir. “Türk axını” isə Rusiyanın Türkiyəyə təqdim etdiyi bir layihədir və bu məsələdə BOTAŞ ilə “Qazprom” arasında gedən danışıqlara əsasən Türkiyə Rusiyaya bildirib ki, Rusiya tərəfi boru xəttini Qara dəniz vasitəsilə Türkiyəyə çatdırsın. Danışıqlar əsnasında Rusiyaya bildirilib ki, layihənin Türkiyə torpaqlarına çatacağı andan etibarən Türkiyə sizinlə ortaq şirkət quracaq”. Qeyd edilir ki, Qara dəniz vasitəsilə boru xəttinin Türkiyəyə çatdırılması tam olaraq Rusiyanın üzərinə düşən məsələdir. Nə iqtisadi, nə də hər hansı başqa yöndən Türkiyə bu işə müdaxilə etmir. “Türk axını” ilə Türkiyəyə dörd borunun çəkilməsi nəzərdə tutulur. Bunlardan biri Türkiyənin Rusiyadan aldığı qaz üçün, digər üç xətt isə Avropa bazarları üçün nəzərdə tutulub.



Beləliklə, əsası qoyulan yeni kəmərlə Azərbaycanla Türkiyə arasında daha bir strateji layihə reallaşdı. Şübhəsiz ki, yeni layihə iqtisadi mənfəəti ilə yanaşı, həm də siyasi bir layihədir. Bu, iki dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, onların vahid mövqedən çıxış etməsinə səbəb olacaq. Bu layihənin reallaşması bədnam qonşularımızın Türkiyə ilə sərhədlərin açılması arzusunu da birdəfəlik tarixin arxivinə atmış olacaq. Bu həm də bədnam “Sürix protokolları”nı müzakirə mövzusuna çevirmək istəyən ermənilərin Qərbdəki havadarlarının da arzusunu puç etmiş olacaq.



Kaspi.az