Ölkə

“Süd vəzi xəstəliklərinə müasir yanaşma” mövzusunda maarifləndirmə tədbiri

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Süd vəzi xəstəliklərinə müasir yanaşma” mövzusunda maarifləndirmə tədbiri keçirilib.


MEK-dən

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə respublikanın baş onkoloqu Azad Kərimli, Milli Onkologiya Mərkəzinin ümumi onkologiya şöbəsinin müdiri Samir Qurbanov və kitabxananın əməkdaşları iştirak ediblər.


Tədbirdə xəstəliyin profilaktikasından danışan baş onkoloq A.Kərimli bildirib ki, süd vəzi xərçənginin yaranma səbəbi elmə məlum olmasa da, müəyyən faktorları səbəb kimi qəbul etmək olar. Yaş, irsiyyət faktorları, müxtəlif hormonal pozuntular, piylənmə, zərərli adətlər və digər səbəblər xəstəliyin yaranması və inkişafı üçün təhlükəli hesab edilir. Lakin bu səbəblər insanlarda təşviş yaratmamalı, 35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçməlidir. Mühüm olan xəstəliyin vaxtında aşkarlanmasıdır. Erkən müəyyənləşdirilmiş xəstəliklə mübarizə asan olur və müvəffəqiyyətlə müalicə edilir.


Milli Onkologiya Mərkəzinin ümumi onkologiya şöbəsinin müdiri Samir Qurbanov süd vəzi xərçəngi və öz-özünə süd vəzilərinin müayinə texnikasından danışıb. Süd vəzi xərçənginin bütün dünyada qadınlar arasında ən çox yayılmış xərçəng növü olduğunu bildirən həkim digər xəstəliklərdən fərqli olaraq bu xəstəlikdə yaş amilinin mühüm rolunu qeyd edib. Bildirib ki, şiş cavan yaşlarda nə qədər tez yaranarsa, bir o qədər tez başqa orqanları da zədələyərək sıradan çıxarır və müalicəyə daha az tabe olur. Buna görə də cavan vaxtlarında süd vəzi xərçənginə tutulan qadının ömrü yaşlı vaxtlarda xəstəliyə yoluxan qadınla müqayisədə qısa olur.


Qeyd edilib ki, ölkəmizdə son illər onkoloji xidmətin müasir standartlara uyğunlaşdırılması və maarifləndirmə işinin genişləndirilməsinin nəticəsi olaraq xəstəliyin əlamətləri daha erkən aşkarlanır və xərçəngə tutulmamaq üçün uğurlu müalicə üsullarından istifadə edilir.


Sonra MEK-in qadın personalı Milli Onkologiya Mərkəzinin Mobil Diaqnostika Kompleksinin müayinə aksiyasında iştirak edib. İki gün davam edən aksiyada 582 adda müayinə aparılıb.