SOCAR Ukraynanın cənubunda daha bir yanacaqdoldurma stansiyasını istifadəyə verib
Bakı, 17 mart,
AZƏRTACAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Ukraynanın cənubunda iri sənaye mərkəzi kimi tanınan Nikolayev vilayətində yolkənarı infrastrukturun inkişafını davam etdirir. Bu yaxınlarda vilayətdə “SOCAR” brendi ilə fəaliyyət göstərən sayca 7-ci yanacaqdoldurma stansiyası istifadəyə verilib.
Şirkətin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, Nikolayev şəhərinin iki yaşayış mikrorayonunu birləşdirən yolun üzərində yerləşən stansiya SOCAR-ın Ukraynada üzən yanacaqdoldurma məntəqələri də daxil olmaqla 50-ci brend aktividir. Yeni yanacaqdoldurma stansiyasında Polşa, Litva, Belarusun aparıcı neft emalı zavodlarında “Avro-5” ekoloji standartlarına uyğun istehsal olunan A-92, A-95, A-95 “Nano” benzinləri, “Nano” dizel yanacağı və mayeləşdirilmiş qaz satışı reallaşdırılır. Təkərlərin doldurulması, avtomobillərin su təchizatı, Wi-Fi, mobil telefonların enerji təchizatı, avtomobil dayanacağı kimi xidmətlər isə yanacaqdoldurma stansiyasında pulsuzdur. Ərazidə fəaliyyət göstərən kafedə müştərilərə Azərbaycan milli mətbəxinin nümunələri təklif olunur. Ödəniş nağd pulla, bank və yanacaq kartları, həmçinin “Level” bonus kartları ilə həyata keçirilir.