Serjə arxadan veteran zərbəsi
Qarabağ müharibəsinin veteranı, “Təsisçilər parlamenti” təşəbbüsünün kordinatoru Jirayr Sefilyan erməni xalqını kreditləri ödəməkdən imtina etməyə çağırıb.
ANS PRESS-in məlumatına görə, Sefilyan bildirib ki, kreditləri ödəyən vətəndaşlar cinayətkar rejimin varlanmasına xidmət edirlər. Onun sözlərinə görə, hər ödənilən dramdan hakimiyyəti təşkil edən oliqarxlara pay düşür.
“Rejimi yıxdıqdan sonra sən yalnız kreditin öz məbləğini və yetirəncə azaldılmış faizləri ödəyəcəksən, heç bir cərimə olmayacaq”, - deyə Sefilyan bildirir.
Sefilyanın bu addımı muzdlu əsgər Andranik Qriqoryanın Azərbaycan tərəfinə keçməsindən sonra sarsılmış Ermənistan hakimiyyəti üçün ciddi zərbədir. Artıq Ermənistanda müharibə əleyhinə çağırışlar açıq-aydın səslənir.
Livanda doğulmuş və Şuşanın işğalında iştirak etmiş podpolkovnik Sefilyanın bu hərəkata başçılıq etməsi Kür-Araz arasındakı Azərbaycan ərazilərini Ermənistana birləşdiməyi qarşısına məqsəd qoymuş “miatsum” hərəkatının tam iflasıdır. Artıq erməni xalqı “miatsum” hərəkatının bir qrup möhtəkirin şəxsi mənfəəti üçün başlandığını anlayır. Təbii ki, Jirayr Sefilyan kimi gəncliyini bu işə sərf etmiş adamlar isə tam aldadıldıqlarını gec də olsa başa düşürlər.
Mənbə
ANS PRESS