Salyanda iribuynuzlu heyvanlar "Nodulyar dermatit"-ə qarşı vaksinasiya edilir
[ 12 Mart 2015 03:31 ]
Salyan baytarlıq idarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Salyan rayonunda iribuynuzlu heyvanlar arasında yayıla biləcək "Nodulyar dermatit" və digər yoluxucu xəstəliklərə qarşı qabaqlayıcı tədbirlərə start verilib. Rayonda mal-qaranın qarayara, bruselyoz və bu kimi yoluxucu xəstəliklərə yoluxmaması üçün vaksinasiya işləri həyata keçirilib.
Artıq bir neçə gündür ki, "Nodulyar dermatit" yoluxucu xəstəliyin yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə iribuynuzlu heyvanlar arasında peyvənd işlərinə başlanılıb.18,3 min baş iribuynuzlu heyvan bu xəstəliyə qarşı peyvənd olunub. Rayon ərazisində 62 min iribuynuzlu, 186 min baş xırdabuynuzlu heyvan saxlanılır. Peyvəndləmə işləri 17 sahə baytarlıq məntəqəsi tərəfindən həyata keçirilir. Həmin məntəqələrin baytar həkimləri qəsəbə və kəndlərin fərdi təsərrüfatlarında iribuynuzlu heyvanlara vaksin vururlar. Peyvənd işlərinin aparılması üçün Dövlət Baytarlıq idarəsi tərəfindən rayon baytarlıq idarəsinə lazımi dərman preparatları verilib.
Rayon baytarlıq idarəsinin rəisi Ramil Əmirovun sözlərinə görə, vaksin iribuynuzlu heyvanı bir ilə qədər xəstəlikdən qoruyur. Hələlik rayonda epizootik durum sabitdir, heyvanlar arasında hər hansı bir yoluxucu xəstəlik qeydə alınmayıb.
Qeyd edək ki, ötən il respublikanın bir sıra ərazilərində, eləcə də Aran bölgəsində bu xəstəlik müşahidə olunub və xəstəlikdən çoxlu sayda heyvan tələf olub.