Rusiyadakı Azərbaycan diasporunun fəal qadınlarının iştirakı ilə “dəyirmi masa” keçirilib
Moskva, 7 mart,
AZƏRTACMoskvada Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu və Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan qadınlarının diasporun həyatında rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
Azərbaycan diasporunun qadın fəallarının iştirakı ilə keçirilən tədbirdə Fondun rəhbəri Şamil Tağıyev Azərbaycan qadının cəmiyyətdə rolundan danışıb. Assosiasiyanın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili Azərbaycan qadınının əsrlər boyu milli ənənələrin qoruyucusu, sülh və əmin-amanlıq carçısı olduğunu söyləyib.
“Dəyirmi masa”nın aparıcısı, şairə və publisist Afaq Şıxlı Moskvada yaşayan qadın soydaşlarımızın həyatı və məişəti ilə maraqlanmaq, onların sosial həyata cəlb edilməsinə, problemlərinin həllinə dəstək olmaq üçün fəal Azərbaycan qadınlarından ibarət ictimai cəmiyyət yaradılmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edənlər Azərbaycan tarixi, elmi, mədəniyyəti, siyasətində qadınların rolundan, xaricdə yaşayan azərbaycanlıların öz dilinə, tarixinə, adət-ənənələrinə qayğı ilə yanaşmasının, eyni zamanda, yaşadıqları cəmiyyətə inteqrasiyasının vacibliyindən danışıblar. Tədbir iştirakçıları Moskva Dövlət Linqvistika Universitetində fəaliyyət göstərən BSU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Bella Musayevanı Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülməsi münasibətilə təbrik ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva