Ölkə

Rəssamların fırçasında qadın obrazı

Metbuat.az

Naxçıvan, 6 mart, Rauf Əliyev,

AZƏRTAC

Martın 6-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Rəssamların fırçasında qadın obrazı” adlı rəsm sərgisi açılıb.


AZƏRTAC

xəbər verir ki, açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva Beynəlxalq Qadınlar Günün yaranma tarixi barədə məlumat verib.


Ülviyyə Həmzəyeva bildirib ki, dünyada qadınların kişilərlə bərabər hüquqlara nail olmaları uğrunda mübarizəsinin tarixi 1857-ci il martın 8-dən başlanıb. Həmin tarixdə ABŞ-ın Nyu-York şəhərində toxuculuq sənayesində çalışan yüzlərlə qadın aşağı maaşa, uzun iş saatına, pis əmək şəraitinə etiraz olaraq tətil keçiriblər. O zaman polis aksiyanın davamlı olmasına icazə verməyərək nümayişi dağıdıb. 1910-cu ildə isə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında inqilabçı Klara Setkinin hər il martın 8-ni Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması ilə bağlı təklifi qəbul olunub.  


Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri qeyd edib ki, Azərbaycan tarixinə nəzər salsaq, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınların kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etdiyinin şahidi olarıq. Bu, Manna, Atropatena, Atabəylər, Səfəvilər dövlətlərində də belə olub. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq ölkəmizdə müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ verilib.


“Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikaya rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət yetirib”, - deyən Ülviyyə Həmzəyeva qeyd edib ki, Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev bu gün dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin edib. Bu siyasət Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 45 deputatından 6-sı qadındır. Qadınlar bütün dövlət strukturlarında, özəl bölmədə uğurla çalışır, nailiyyətlər qazanırlar.


Daha sonra sərgiyə baxış olub.


İştirakçılar Ülviyyə Həmzəyevanın “Avtopartret”, “Şad günlər”, Həbibə Allahverdiyevanın “Zəriflik”, Qəhrəman Tağıyevin “Şairə qızın portreti”, Eldar Zeynalovun “Aişə” və digər rəsm əsərlərinə maraqla tamaşa ediblər.


Sərgidə 27 naxçıvanlı rəssamın 60-dək rəsm əsəri nümayiş olunur.