Dünya

Rəsmi Vaşinqton: "İşğal başa çatmalıdır"

Metbuat.az

"50 il davam edən işğal başa çatmalıdır".



ANS PRESS-in məlumatına görə, bunu Barak Obamanın xarici işlər üzrə baş məsləhətçisi Denis Makdonou İsrailin baş naziri Benyamin Netanyahunun çıxışlarına münasibət bildirərkən deyib. O həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar İsrail-Fələstin münaqişəsinin 2 dövlət yaratmaq yolu ilə həlli ideyasına sadiqdir.



"Biz özümüzü elə göstərə bilmərik ki, guya bu sözlər heç deyilməyib. ABŞ hər iki dövlətin sülh şəraitində yaşaması üçün böyük enerji sərf edir. Buna görə də İsrailin baş nazirinin sözləri bizi narahat etməyə bilməz. Netanyahunun bir-birinə zidd bəyanatları İsrailin münaqişənin sülh yolu ilə həlli istəyini şübhə altına alır", - deyən ABŞ rəsmisi qeyd edib ki, Netanyahunun sözlərini qulaqardına vura bilməzlər. "İsrailin rəhbərinin kim olmasının bizim üçün əhəmiyyəti yoxdur, amma Vaşinqton iki dövlət konsepsiyasından imtina etmək niyyətində deyil", - deyə İsrail KİV-ləri ABŞ rəsmisinin sözlərindən sitat gətirib.



Qeyd edək ki, Benyamin Netanyahu seçkidən əvvəl Fələstin və İsrailin iki dövlət olaraq mövcud olmasının tərəfdarı olduğunu demişdi. Lakin son parlament seçkilərində uduza biləcəyini anlayanda bildirdi ki, İsrail Fələstinin muxtariyyətinə imkan verməyəcək. Seçkilərdə qələbə qazanandan sonra isə o, yenidən fikrini dəyişdi. "Mən münaqişənin iki dövlətin mövcudluğuna imkan verən stabil, sülh yolu ilə həllinin tərəfdarıyam", - deyən Netanyahu problemin "bir dövlət" formasında həllini "istəmədiyini" bildirib.

Mənbə
ANS PRESS