İqtisadiyyat

Rəqabətqabiliyyətliliyi necə artırmalı?

Metbuat.az
Vahid Əhmədov: “Neft və qazın gəlirlərini rəqabətə davamlı məhsulların istehsalına yönəltməliyik”

İqtisadiyyatın inkişafı üçün rəqabət qabiliyyətinin yüksək olması lazımdır. Çünki rəqabət artdıqca, müxtəlif sahələr üzrə inkişaf daha çox müşahidə olunur. Sevindirici haldır ki, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi də son illərdə artmaqda davam edir. "2010-2011-ci illərdə qlobal rəqabətqabiliyyətlilik" hesabatında Azərbaycan dünyada 57-ci, 2012-ci ildə 46-cı yeri tutub. Ötən ilin statistikasında isə ölkəmiz 144 dünya iqtisadiyyatının rəqabətqabiliyyətlilik reytinqində 38-ci mövqedə qərarlaşıb. Azərbaycanın bu reytinq cədvəlində daha öndə olması üçün isə bir çox işlər görülür. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının da ölkə iqtisadiyyatında rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm rol oynayacağı qeyd olunur.



Millət vəkili

Vahid Əhmədov

deyir ki, bu gün Azərbaycan üçün ən ciddi məsələ rəqabətə davamlı məhsulların istehsalıdır: “Neft hasilatı ildə təxminən 5-6 faiz aşağı düşür. Neftin qiyməti də dünya bazarında kəskin azalır. Təxminən 55-60 dollar səviyyəsindədir. Bizim isə ixracımızın təxminən 92 faizini neft və neft məhsulları təşkil edir. Ona görə dövlət başçısı İlham Əliyev ixrac yönümlü məhsulların miqdarının artırılması ilə bağlı hökumət qarşısında məsələ qoyub. Bunun üçün Azərbaycana yeni texnologiyalar, istehsalat sahələri gətirilməlidir ki, ölkəmiz rəqabətə davamlı məhsullar istehsal edə bilsin. Düzdür, neftimiz, qazımız var, amma Azərbaycanın ixrac etməli olduğu ən ciddi məhsullarından biri kənd təsərrüfatı məhsullarıdır. 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilib. Kənd təsərrüfatında ixrac edilən məhsullarımız çoxdur. Həm özümüzü təmin edə bilirik, həm də ixrac edə bilirik. Amma bunun emalı, qablaşdırılması kimi problemlər var”.



Millət vəkili deyir ki, informasiya texnologiyalarının istehsalı ilə bağlı rəqabətə davamlı məhsullar istehsal etməsək, gələcəkdə çətin problemlərlə üzləşə bilərik: “Yalnız neft və qazdan gələn gəlirlərlə kifayətlənmək olmaz. Neft və qazın gəlirlərini rəqabətə davamlı məhsulların istehsalına yönəltməliyik ki, Azərbaycan rəqabətqabiliyyətli ölkələrin reytinqində iyirmilik səviyyəsinə çıxa bilsin. Qeyri-neft sektorunun inkişafı ilə əlaqəli bütün işləri gördüyümüzü deyə bilmərik. Amma bu sahədə xeyli iş görülüb. Texnoparklar, sənaye məhəllələrinin yaradılması, bu ilin “Kənd təsərrüfatı ili” elan edilməsi kimi amillər qeyri-neft sektorunun inkişafına yönələn amillərdir. Ona görə də bu sektoru biz inkişaf etdirməsək, gələcəkdə müəyyən problemlərlə üzləşə bilərik. Hökumətin bu sahəyə xüsusi diqqəti var. Neftdən, qazdan gələn gəlirləri bu sahəyə yönəldirik ki, Azərbaycan üçün problemlər yaranmasın”.


MDB məkanında Rusiya, Qazaxıstan, Belarusun rəqabətə davamlı məhsullar istehsal etdiyini deyən V.Əhmədov onu da bildirdi ki, Azərbaycan da bu sahədə geri qalmır: “Amma tempi daha da artırmağımız lazımdır ki, Azərbaycan iqtisadi rəqabətliliyinə görə dünya ölkələri arasında iyirmiliyə düşə bilsin. Bunun üçün nə qədər zaman lazım olduğunu proqnozlaşdırmaq çətindir. Bu, proseslərin necə davam etməsindən, Azərbaycanın maliyyə imkanlarından, ölkəmizə qoyulan investisiyalardan asılıdır”.



İqtisadçı

Samir Əliyev

deyir ki, rəqabət qabiliyyətinin yüksək olması iqtisadi inkişafı stimullaşdırır: “İqtisadiyyat nə qədər rəqabətqabiliyyətli olarsa, bir o qədər inkişafa təkan verir. Rəqabət aparmaqla keyfiyyəti artırıb, qiyməti isə imkan daxilində ucuzlaşdırmağa çalışırlar ki, bazarda qalib olsunlar. Əks halda bazarda uduza bilərsən. Bu baxımdan rəqabət qabiliyyətini inkişafın əsas lokomotivi saymaq olar. İqtisadiyyatımızda rəqabət bir az zəifdir. Bunun əsas səbəbi isə ölkəmizin neftdən daha çox asılı olmasıdır. Rəqabət qabiliyyətimiz o baxımdan aşağıdır ki, ixracımızın 93 faizi neft və neft məhsullarının, 7 faizi isə qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektorunun inkişafı üçün bir çox işlər görülüb, kənd təsərrüfatının inkişafı ilə bağlı müsbət addımlar atılır. Hələ ki istənilən nəticəni əldə edə bilməmişik. Amma bu cür addımların tez nəticə verməsini gözləmək də düzgün olmaz. Çünki bu cür işlərin müsbət nəticələrini zamanla görmək olur”.



İqtisadçı deyir ki, rəqabət qabiliyyətinin inkişafı üçün iki parametr olmalıdır: “Keyfiyyət və ya qiymət. Bunlardan biri olmalıdır ki, rəqabət üstünlüyünü əldə edə biləsən. Keyfiyyət yüksəkdirsə, o mal mütləq alınacaq. Keyfiyyət amili üzrə üstünlük qazanmadıqda isə “aşağı qiymət” taktikasını seçməklə müəyyən rəqabət imkanı əldə etmək olar. Çin və Koreya Avropa ölkələrindəki qədər keyfiyyətli məhsul istehsal etməsələr də, onlarla müqayisədə aşağı qiymət taktikasını seçiblər. Aşağı qiymət hesabına onlar bazarı tuturlar. Azərbaycan da bu iki yoldan birini seçməlidir. Mən Azərbaycan üçün qiyməti əsas silah olaraq istifadə etməyi düzgün addım hesab edirəm. Devalvasiyaya qədər manatın məzənnəsinin güclü olması bizi qiymət rəqabətindən də məhrum edirdi. İqtisadiyyatda rəqabət qabiliyyətini artırmağın əsas yolu kiçik sahibkarlığı inkişaf etdirməkdir. Sahibkarlığa vergi güzəştləri tətbiq edilməli və ucuz resurs əldə edilməsinə imkan yaradılmalıdır”.



Kaspi.az