Rahmonun "Pirr qələbəsi"
Ekspertlərin fikrincə, Tacikistan prezidenti islamçıları parlamentə buraxmamaqla öz hakimiyyətinin sonunu yaxınlaşdırır
Martın 1-də Tacikistanda keçirilən parlament seçkilərinin nəticələri bəlli olub. Gözlənildiyi kimi, seçkilərin favoriti prezident İmomali Rahmonun lideri olduğu Tacikistan Xalq Demokratik Partiyası olub. Onun partiyasına seçicilərin 70 faizi səs verib. Əsas müxalifət partiyası - populyarlığına görə ikinci olan Tacikistan İslam Dirçəliş Partiyası isə baryeri belə keçə bilməyib. Autsayderlər sırasında sosial-demokratlar da olub. Ekspertlər hadisələrin bu cür gedişini “hakimiyyətin Pirr qələbəsi” adlandırıb. Yeni parlamentdə 10-12 yer almağı düşünən islamçıların lideri Mühiddin Kəbiri bəyan edib ki, seçki prosesində xeyli qanun pozuntuları və saxtakarlıq qeydə alıblar. Düşənbədə keçirilən mətbuat konfransında o bəyan edib ki, Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələri tanımır və bundan şikayət edəcək. “Seçkilərin nəticələrinin saxtalaşdırılmasından uduzan xalq oldu və bu da hakimiyyətin xeyrinə deyil. Mən istəməzdim ki, Tacikistan hökuməti tənqidlərin obyektinə çevrilsin”, - deyə Kəbiri bəyan edib. Onu da qeyd edək ki, 1997-ci il hakimiyyətlə müxalifət arasında imzalanan Ümumi sülh razılaşmasından sonra Tacikistan İslam Dirçəliş Partiyası ilk dəfədir ki, beş faizlik baryeri keçə bilməyib. Bununla da partiya parlamentdə təmsil oluna bilməyəcək. “Bizim partiyaya müharibə partiyası damğası vurublar”, - deyə o bildirib.
“Tacikistan İslam Dirçəliş Partiyasına bütün seçki kampaniyası dövründə hər cür maneələr törətdilər”, - deyə ATƏT Müşahidə Missiyasının Düşənbədəki missiyasının rəhbəri Mikloş Haraşti bildirib. Missiya bu ölkədə keçirilən seçkilərin nəticələrini tanımadıqlarını bildirib. ATƏT ortaya qoyduğu hesabatda çoxsaylı qanun pozuntularından bəhs edib: “Seçkilərdə alternativ qüvvə ilə iştirakın təmin edilməsinə baxmayaraq, kampaniya bütövlükdə qadağalar şəklində keçirildi. Səslərin hesablanması prosesində şəffaflıq pozuldu”. Birləşmiş Ştatların Düşənbədəki səfirliyinin yaydığı məlumatda da seçki prosesində yaşanan qanun pozuntularından bəhs edilib. Kommunist Partiyasının lideri Şadi Şabdalov seçkiləri siyasi tamaşa, qeyri-şəffaf və qeyri-demokratik adlandırıb. Kommunist Partiyasını parlamentdə deputatlar İbrohim Abdullozada və Cobbor Əhmədov təmsil edəcəklər. Onlar birmandatlı dairələrdə qalib gəliblər.
Hakimiyyət isə bütün bu ittihamlara diqqət ayırmamaq qərarına gəlib. Tacikistanın Seçkilər və referendumlar üzrə Mərkəzi Seçki Komissiyasının sədri Şərməhəmməd Şohienin sözlərinə görə, seçkilər tam qanuni və sakit, qanun çərçivəsində və seçicilərin aktiv iştirakı ilə keçib. Seçici iştirakı isə 81 faiz olub. Xatırladaq ki, ölkədə 4 milyon seçici var və onun bir milyonu Rusiya və digər ölkələrdə çörəkpulu qazanır.
Əvvəlcədən də ekspertlər seçki prosesində saxtakarlıqların olacağını istisna etmirdilər. Lakin belə bir nəticənin olacağını heç kim proqnozlaşdırmırdı. “Bu hakimiyyətin ən böyük cinayətidir. Bu səhvdir. Hakimiyyət faktiki olaraq müxalifəti gizli fəaliyyət göstərməyə vadar edir. Bu, böyük ehtimalla Tacikistan İslam Dirçəliş Partiyasının radikallaşmasına gətirib çıxaracaq və bunu da partiyanın lideri Mühiddin Kəbiri saxlaya bilməyəcək”, - deyə Karnegi Fondunun Elmi Şurasının üzvü Aleksey Malaşenko bildirib. Onunla Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyev də razıdır. Onun qənaətincə, Tacikistan İslam Dirçəliş Partiyası unikal siyasi mexanizmdir. Bu qüvvə etirazçı təbəqənin potensialını idarə edir. Dindarların cəm olduğu bu qurumu seçkidən kənarda saxlamaq isə yaxşı heç nə vəd etmir. Bu, gələcəkdə radikal və ekstremist əhval-ruhiyyənin artmasına, islamçıların sosial bazasının möhkəmlənməsinə səbəb olacaq. Bu səbəbdən də islamçıların siyasi səhnədən uzaqlaşdırılması Tacikistanın indiki hakimiyyətinin “Pirr qələbəsi” hesab edilməlidir. Gəlinən qənaət budur ki, bundan sonra Rahman üçün çox çətin olacaq. ÇÜNKİ Prezidentin ölkədə güclü potensialı yoxdur. Üstəlik, vətəndaş müharibəsini yaşamış, real müxalifətə malik bir ölkə üçün belə hal təhlükədir. Rahmon qəbul etdiyi qərarla özünün bir növ ölüm hökmünü çıxarmış olub. İndi onun mövcudluğu zaman məsələsinə çevrilib. Buradakı müxalifət fərqlidir və onlar Rusiyadakı kimi meydanlara dinc şəraitdə çıxmayacaqlar. Prezident çox səhv addım atıb və onun yeganə çıxış yolu mövqelərini möhkəmləndirmək olmalıdır. Bu isə əksər hallarda əks effekt doğurur. İstənilən halda isə bizlərə proseslərin gedişini gözləmək qalır.
Kaspi.az