Maraqlı

Qorxulu ayin: satanistlər belə ibadət edirlər - FOTO

Metbuat.az
"Diqqətlə baxın! Hələ də döyünən ürəkdən süzülüb axan qan enerjinin təmiz, konsentrasiya olunmuş formasıdır. Biz belə enerjidən qidalanırıq".
 
Qorxunc mərasimi icra edənlər satanist olduqlarını, İblisə sitayiş etdiklərini deyirlər.
 
Onlar Meksikada yaşayan satanistlərdir və növbəti "Qara messa"larını, yəni ibadət ayinlərini icra ediblər.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, amerikalı fotoqraf Vinsent Lonq Meksikaya yollanaraq satanistlərin ayinlərinin fotolarını çəkib.
Ayində azsaylı amerikalı turistlər də iştirak ediblər.
 
Turistlərdən biri qorxmuş vəziyyətdə pıçıldayırdı: "Belə getsə, onlar ayinlərində insanı da qurban kəsəcəklər". Onun yanında durmuş turist isə söyləyib: "Əgər indiyədək kəsməyiblərsə..."
 
Meksikanın Verakrus ştatında hər il keçirilən və dünyanın müxtəlif ölkələrindən gəlmiş satanistlərlə turistlərin qatıldıqları "Qara messa"da İblisə sitayiş edənlərin yerli "baş kahin"i ev heyvanlarını - keçini, toyuğu, quzunu və çəpişi - qurban kəsib, qanını da İblisə qurban verib.
 
ABŞ-ın Texas ştatındakı Ostin şəhərinin sakini Maykl falçıdır və dediyinə görə, Verakrusdakı "Qara messa"ya hər il qatılır: "Buradakı ayində psixi qüvvələrimi bərpa edirəm. Həmin qüvvələr mənə indiyədək itkin düşmüş 100 insanla bağlı konkret məlumatları əldə edərək o adamların qohumlarına söyləməyə imkan verib. Fəqət, hər dəfə bu ayindəki əməllərə baxanda qorxuram".
 
"Qara messa"da pentaqramlar çəkilir, İblisə çağırışlar edilir.
Daha sonra ayinə Meksikanın Katemako bölgəsindən gəlmiş iki satanist kahin qatılıb.
 
Başında öldürülmüş qarışqayeyən müqəvvası daşıyan "baş kahin" Enrike Verdonun dediyinə görə, icra etdikləri "Qara messa" yerli olmeka hindularının inanclarından qaynaqlanır.
 
"Biz İblisə sitayiş edirik və özümüzü onun övladları sayırıq. Ona görə də İblisə qurban kəsdiyimiz heyvanların qanlarını buraya gələrək ayinə qatılmış insanların alınlarına çəkirik", - Verakrus şəhərinin cənubundakı Ağ Meymun dağında ayini təşkil və idarə edən E.Verdon deyib.
 
"Qara messa" yarıçılpaq vəziyyətdəki 5 bakirə qızın "sitayiş ocağı"nın ətrafına dövrə vuraraq pentaqrama kül və gül ləçəkləri səpələmələri ilə başlayıb.
Onlara "Baş ifritə" adlandırılan Roseliya Belli rəhbərlik edib.
 
Daha sonra satanistlər baş kahin və ifritənin qarşısında diz çöküblər. Diz üstə olanların alınlarına əvvəlcə cücə, sonra çəpiş qanları çəkilib.
Meksikada "Qara messa" 1970-ci ildə ilk dəfə açıq şəkildə keçirilib.
 
Ötən 45 il ərzində bu ayinin populyarlığı durmadan artır.
 
Milli.Az