QKDK-nın nümayəndə heyəti Koreya qiymətli kağızlar bazarının inkişaf təcrübəsi ilə tanışlıq olacaq
Bakı, 10 mart,
AZƏRTACMartın 10-dan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə geniş nümayəndə heyətinin Koreya Respublikasına işgüzar səfəri başlanıb.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan
AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Koreya qiymətli kağızlar bazarının inkişaf və tənzimlənmə təcrübəsi ilə tanışlıq, QKDK ilə Koreya Birjası arasında “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti istiqamətində kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması üzrə əldə edilmiş təcrübə əsasında Azərbaycan kapital bazarında mükəmməl sistemin tətbiqinə töhfə vermək, eləcə də kapital bazarı sahəsində ikitərəfli əlaqələri möhkəmləndirməkdən ibarətdir.
Martın 14-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Koreya Birjası, Maliyyə Xidməti Komissiyası, Koreya Maliyyə İnvestisiya Assosiasiyasının fəaliyyəti ilə yaxından tanışlıq, sözügedən maliyyə təsisatlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, həmçinin Koreya Milli Assambleyasının üzvləri ilə ikitərəfli əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə və informasiya mübadiləsi məsələlərinə dair müzakirələrin aparılması nəzərdə tutulub.