Ölkə

Qəbələdə qiymətli ağaclardan ibarət yeni meşəliklər salınır

Metbuat.az

Qəbələ, 30 mart,

AZƏRTAC

Qəbələ rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.


Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən

AZƏRTAC

-a bildirilib ki, Qəbələdə yeni meşəliklərin salınmasına başlanılıb. Yaz mövsümündə plana uyğun olaraq rayonun Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyiliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında 30 hektar sahədə meşəliklərin salınması nəzərdə tutulur. Bu gündək Yenikənd və Zarağan meşəbəyliklərinin ərazisində 5 hektar sahədə ağac əkini aparılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Əraziyə qoz, şabalıd, akasiya, vələs, göyrüş, ağcaqayın, palıd, fıstıq və digər qiymətli ağac növlərindən olan tinglər əkilir.


Rayon meşəçiləri əkin üçün 2730 kiloqram qiymətli ağac toxumları toplayıblar. Hazırda sahələrdə ağac əkini ilə yanaşı, toxum səpini də həyata keçirilir. Bu günədək 1 hektar sahəyə toxum səpini aparılıb.


Həmçinin, rayon meşələrin mühafizəsi və bərpası müəssisənin kollektivi 4,5 hektar sahədə yeni tinglik salıb. Hazırda burada 450 min ədəd ting yetişdirilir. Bu ilin payızında rayonda daha 35 hektar ərazidə meşəliklərin salınması nəzərdə tutulur.