Ölkə

Pakistan prezidenti: “Son 10 ildə Azərbaycanın əldə etdiyi tərəqqi dünyada inkişafda olan bir çox ölkələr üçün nümunə ola bilər”

Metbuat.az

[ 12 Mart 2015 01:38 ]


Bakı-APA. “Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər gündən-günə güclənməkdə davam edəcək”.

APA-nın məlumatına görə, bu barədə martın 11-də Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimindən sonra Pakistan prezidenti Məmnun Hüseyn mətbuata açıqlamasında bəyan edib.

Məmnun Hüseyn bildirib ki, Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər ortaq tarixə əsaslanır: “Cənab prezidentin qeyd etdiyi kimi, bu münasibətlər ortaq tarixə, dinə, mədəniyyətə, ənənələrə söykənir. Bizim xalqlarımız bir-birinə dərin rəğbət və etibar bəsləyir. Eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərdə birgə baxışlarımız var. Biz regionlarımızın daha təhlükəsiz və əmin-amanlıq şəraitində olmasına töhfəmizi veririk".

Pakistan prezidenti ikitərəfli münasibətlərimizin bütün sahələrini nəzərdən keçirildiyini qeyd edib: “Biz mükəmməl siyasi əlaqələrimizin iqtisadiyyat, sərmayə, ticarət, kommersiya, təhsil, müdafiə sənayesi, elm, texnologiya və mədəniyyət sahələrində nəzərəçarpacaq dərəcədə əməkdaşlığa çevrilməsinə olan sadiqliyimizi yenidən ifadə etdik. Biz ikitərəfli qarşılıqlı ticarət və sərmayə əməkdaşlığına təkan verilməsi ilə bağlı razılığa gəldik”.

Məmnun Hüseyn bildirib ki, son 10 ildə Azərbaycanın əldə etdiyi misli görünməmiş tərəqqi dünyada inkişafda olan bir çox ölkələr üçün nümunə ola bilər: “Biz Pakistanda Azərbaycanın inkişaf və tərəqqisini öz inkişafımız və tərəqqimiz kimi qəbul edirik. Bu gün imzalanmış birgə bəyannamə və digər sənədlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı gücləndirəcək. Mən Dağlıq Qarabağdakı hazırkı vəziyyət və münaqişənin nizamlanması istiqamətində Azərbaycanın səyləri ilə bağlı məlumat aldım. Biz bu məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə tezliklə həll edilməsini dəstəkləyirik”.

Prezident Məmnun Hüseyn, həmçinin Azərbaycan prezidenti ilə Pakistan-Hindistan münasibətlərinə dair fikir mübadiləsi apardıqlarını bildirib: “Mən Hindistan ilə mehriban qonşuluq münasibətlərinin yaradılmasında səylərimizi və bütün mübahisələrin, o cümlədən mühüm əhəmiyyət kəsb edən Cəmmu və Kəşmir məsələsinin sülh şəraitində həll edilməsinə sadiqliyimizi vurğuladım. Biz bu məsələdə Azərbaycanın dəstəyinə böyük dəyər veririk. Mən, həmçinin  İlham Əliyevlə başladığımız Pakistan-Əfqanıstan əlaqələrinin yeni tarixi mərhələsi və siyasət, təhlükəsizlik, terrorizmlə mübarizə, ticarət və iqtisadiyyat məsələlərində çoxşaxəli dialoqun intensivləşdirilməsi ilə bağlı fikirlərimlə bölüşdüm”.

Pakistan prezidenti  BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı beynəlxalq forumlar çərçivəsində Azərbaycanla çox sıx işlədiyini qeyd edib: “ Biz bu qənaətdəyik ki, islahat müfəssəl və konsensusa əsaslanmış olmalıdır. BMT-yə üzvlük yalnız dar milli maraqlarla məhdudlaşmamalıdır. Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər gündən-günə güclənməkdə davam edəcək. Bizim ikitərəfli əməkdaşlığımızın inkişafı ilə bağlı birgə səylərimiz, beynəlxalq və regional səviyyədə sülh və inkişafa töhfəmiz gələcək illərdə daha da dinamik olacaq”.