Ötən il ümumi daxili məhsulun həcmi 2,8 faiz artıb
Bakı, 17 mart,
AZƏRTAC
2014-cü ildə iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun həcmi 2,8 faiz artaraq 59 milyard manat səviyyəsinə çatıb. Əhalinin hər nəfərinə düşən əlavə dəyər 6300 manat olub.
Bunları Baş nazir Artur Rasizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabat çıxışında səsləndirib.
Baş nazir bildirib ki, ümumi daxili məhsulun 41,5 faizi sənayedə, qalan hissəsi tikintidə, ticarət və pullu xidmətlərdə, kənd təsərrüfatında, nəqliyyatda və digər sahələrdə əldə olunub. Qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 61 faiz təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 7 faiz çoxdur. Əsas kapitala yönəldilmiş 17,6 milyard manat məbləğində vəsaitin 66 faizdən çoxu qeyri-neft sektorunun payına düşüb. Ölkə üzrə ümumi investisiyalar isə 27,7 milyard ABŞ dolları olub.
“Həyata keçirilən səmərəli iqtisadi və maliyyə siyasəti daxili sərmayələrlə yanaşı, 11,5 milyard dollar məbləğində xarici investisiyaların cəlb olunmasına da zəmin yaratmışdır”, - deyə Baş nazir vurğulayıb.