İqtisadiyyat

Osaka şəhərinin iş adamları Azərbaycan haqqında ilk seminarı maraqla qarşılayıblar

Metbuat.az

Tokio, 23 mart,

AZƏRTAC


“Cross Border Club”un və “WorldInvesters TV” internet televiziyasının təşkilatçılığı ilə Yaponiyanın Kansay regionunun ən inkişaf etmiş şəhəri sayılan Osakada Azərbaycan haqqında ilk seminar keçirilib.


“World İnvesters TV” internet televiziyasının prodüseri, iqtisadçı-ekspert Kazuyasu İşida Azərbaycanın coğrafi mövqeyi, tarixi, iqtisadiyyatı və müasir inkişafı barədə ətraflı məlumat verərək bildirib ki, ölkə rəhbərliyinin karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəətdən bacarıqla istifadə etməsi nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edir. Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, mövcud biznes mühitini yüksək qiymətləndirirlər.


K.İşida hazırda icra olunan “Khazar İslands”, “Baku White City” kimi nəhəng layihələrdən, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalından, Heydər Əliyev Mərkəzindən, Dənizkənarı Parkın genişləndirilməsi və Bakı Metropoliteninin yeni xətlərinin çəkilməsi işlərindən söz açıb.


Azərbaycanın mühüm beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzə çevrildiyini vurğulayan iqtisadçı-ekspert iyunda ölkəmizdə Birinci Avropa Oyunlarının keçiriləcəyini diqqətə çatdırıb.


Azərbaycanda biznes imkanlarından danışan K.İşida qeyd edib ki, son illər ölkəmiz əlverişli biznes mühitinin yaradılması istiqamətində mühüm irəliləyişə nail olub. Qanunvericilik sahəsində aparılan islahatlar, xarici sərmayədarlar üçün sadələşdirilmiş prosedurlar, “Vahid pəncərə” sisteminin tətbiqi sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayır.


Sonda ekspert yerli iş adamlarına aprel ayında Azərbaycana təşkil olunacaq işgüzar səfər barədə məlumat verib, onları bu səfərdə iştirak etməyə çağırıb.


Seminarda yerli hakimiyyət orqanlarının nümayəndələri və iş adamları iştirak ediblər.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio